Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq tədbirləri çərçivəsində həbs olunması şok effekti yaratdı.
Bu həbsin xüsusilə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri və az öncə baş verən anlaşılmazlığın aradan qaldırılması, siyasi münasibətlərin nizamlandığı bir məqamda baş verməsi böyük rezonans doğurdu.
Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünü və Bakının beynəlxalq hüquqa uyğun olan mövqeyini bir daha dəstəkləyən Serbiyanın şirkətlərinin Ermənistanla silah ticarəti razılaşması ilə bağlı səfirliyimizin məlumatlı olması və buna qarşı vaxtında fəaliyyətə keçməsi vacib idi. Serbiya nümayəndə heyətinin Bakıya səfəri də bir daha təsdiqlədi ki, bu ölkə Azərbaycanla siyasi-iqtisadi əlaqələrə mühüm önəm verir və müsəlman Azərbaycan Respublikasının Serbiyanın ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeyi olduqca yüksək qiymətləndirir. Beləliklə, rəsmi Belqradın Azərbaycan-Serbiya münasibətlərini heç bir halda Ermənistana bir neçə milyonluq silah ticarətinə qurban vermək niyyətində olmadığı ortadadır.
Bu, beynəlxalq münasibətlərdə olduqca mühüm faktordur və Azərbaycanın nüfuzunu, dünyadakı yerini göstərir. Getdikcə ciddi regional oyunçuya çevrilən Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaq artıq dünya dövlətlərinin diqqətini çəkirsə, bu, ölkəmizin siyasi-iqtisadi inkişafının göstəricisi, artan beynəlxalq nüfuzudur. Prezident İlham Əliyev hər zaman tərəfdaş ölkələrlə münasibətlərdə “qazanmaq və qazandırmaq” prizmasından çıxış edir. Başqa sözlə desək, bütün ikitərəfli və çoxtərəfli münasibətlərdə də, regional layihələrdə də qonşu və tərəfdaş ölkələrin iqtisadi maraqları nəzərə alınır, hər kəsin iqtisadi səmərə götürməsi üçün şərait yaradılır. Bu siyasət isə Azərbaycana böyük rəğbət yaratmaqla bərabər, ölkəmizin nüfuzunu daha da artırır və Bakı ilə iqtisadi layihələrdə iştirak etməkdə hamı maraqlı olur. Bu siyasi-iqtisadi münasibətlər əlbəttə ki, ölkəmizin milli maraqlarının və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin dəstəklənməsinə də əhəmiyyətli dərəcədə təsir edir.