Siyasi rəqabət var, olub və həmişə olacaq. Təəssüfləndirici hal odur ki, rəqabəti düşmənçiliyə çevirən siyasilərimiz də var. Belə siyasilər fəaliyyətlərini bu aspektdən davam etdirdikləri üçün zəifləmiş, elektoratını itirmiş və hardasa formal olarq varlıqlarını görüntüləməkdən başqa əlacı qalmayanlardır. Bax bu qüvvələr bu gün qeyri-sağlam siyasi rəqabətdə bulunmaqda davam edirlər. Və beləcə, hər gün bir az daha itirirlər, nəinki qazanırlar. Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Versus.Az-a müsahibəsində bir çox nüanslara aydınlıq gətirib.
– Razi bəy, partiyanızın adını dəyişdiniz. Bu addımınız tərəfdarlarınız tərəfindən necə qarşılandı və buna görə sizi qınayanlar oldumu?
– Milli Cəbhə Partiyası adı altında fəaliyyət göstərməyimizə qarşı çıxanlar da, müqavimət göstərənlər də oldu. Sonunda reallığı qəbul edib razılaşdılar. İndi hər kəs razıdır, çünki, beş illik məşəqqətə son qoyulub. Qarşımızda yeni hədəflər var və ümid edirəm ki, Azərbaycanda “ana müxalifət” partiyasına çevrilməyimizə aparan yol ilə irəliləyirik.
– Düşünmək olardı ki, partiyanızın adını dəyişdikdən sonra Əli Kərimlinin ətrafı sizi rahat buraxacaq, amma sosial müzakirələrdə bunun əksi görünür. Nə istəyirlər sizdən?
– Əli Kərimlidən soruşmaq lazımdır ki, o məndən nə istəyir. Mənim bildiyim odur ki, Razi Nurullayevin siyasətdə irəliləməsini gözü götürmür. Ümumiyyətlə, onun istəyi budur ki, özündən başqa Azərbaycan siyasətində qalan olmasın. Bu düşüncə çox ziyanlıdır. Biz yeni adla fəaliyyət göstəririk və onunla yollarımız da kəsişmir. Yenə də tərəfdarları çox pis hərəkətlər edirlər, söyüş və təhqirlər yazırlar. Millət və müxalifət üçün çox pis nümunədir. Müxalifət bir-birinə bu cür yanaşırsa, iqtidarın ömrünü uzatmaq yolu seçir.
Biz ona görə AXCP adından imtina etdik ki, cəbhəçilər, hərəkatçılar, milli-azadlıq hərəkatı iştirakçıları çaşqınlıq yaşamasın, heç kim onların hissi və sədaqəti ilə oynamasın, onların üzərindən siyasət aparmasın. İndi onlar azad və sərbəst şəkildə tərəflərini seçə bilərlər.