Ermənistanın iyul ayından başlayaraq Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribatın qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı. Lakin siyasi və iqtisadi sahədə tənəzzülə düçar olmuş bir dövlətin pandemiyanın ölkəsinin ərazisində tüğyan etdiyi bir dövrdə cəbhəboyu təxribat törətməsi təbii ki, bir günün işi deyildi. Bu təxribat həm də o demək idi ki, düşmən heç bir halda barışığı qəbul etmir, beynəlxalq müstəvidə məğlubiyyətlə qarşılaşır və bu səbəbdən də təxribat törətməyə cəhd edir.
Pravda.az-ın xəbərinə görə, bu fikirlər Milli Məclis Sədrinin müavini Adil Əliyevin Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: “Düşmənin mövcud şəraitdə qeydolunan təxribatı həyata keçirməsi bir mənalı deyildi. Belə ki, Cənubi Qafqazın lider dövlətinə qarşı belə bir əməliyyatı həyata keçirmək üçün Ermənistanın nə həddi, nə də cürəti çatardı. Tarixə nəzər salsaq, görərik ki, Ermənistan 1991-ci ildə SSRİ dağıldıqdan sonra yaranmış dövlətlər içərisində yalnız Rusiya Federasiyası ilə hərbi-siyasi əməkdaşlıq qurmuşdur. Azərbaycan da daxil olmaqla keçmiş SSRİ-yə daxil olan dövlətlərlə ciddi şəkildə heç bir əlaqəsi olmamışdır. Müstəqillikdən sonrakı illərdə Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmuşdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər dövlətlər, yəni, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan birbaşa və dolayı şəkildə Ermənistanla əməkdaşlıq etmirlər. Yalnız Rusiya ilə aralarında əməkdaşlıq var və bu səbəbdən də Rusiya Federasiyasının 102-ci hərbi bazası hazırda onun ərazisində fəaliyyət göstərir.
Ermənistan hakimiyyəti ölkənin inkişafını təmin etmək və vətəndaşların rifahını yaxşılaşdırmaq əvəzinə, çətin şəraitlə əlaqədar dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş vətəndaşlarının düşdüyü duruma baxmayaraq, silahlanmaq ideyasını davam etdirir. Belə ki, dünyanın nüfuzlu xəbər agentliklərinin hazırladıqları məruzələrə, xüsusilə “Global Militarisation Index” məruzəsinə əsasən, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Qeyd olunan hesabatlar hazırlanarkən, ölkənin əhalisinin sayı və buna uyğun olaraq hərbçi sayı, silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınır. Yəni, indiki məqamda deyə bilərik ki, Ermənistan tərəfi silahların alınmasına daha çox meyllidir. Lakin iqtisadi cəhətdən tənəzzül yaşayan bir ölkənin silahlanmasında təbii ki, ona yardımçı olan dövlətlər var. Belə ki, sərhəddə təxribat başlamamışdan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistan ilə Serbiya arasında silah alveri həyata keçirildi. Bu da bir daha yuxarıda qeyd olunan fikri təsdiq edir ki, Ermənistan tərəfi həmin təxribatı törətmək üçün əvvəlcədən hazırlaşmışdı, yəni, bu qərar uğursuzluğa uğramasına baxmayaraq, ani verilən qərar deyildi.
Serbiya-Azərbaycan münasibətləri fonunda Serbiyanın Ermənistan tərəfə silah-sursat göndərməsi təbii ki, birmənalı deyildi və bu da hər birimizi narahat edirdi. Baxmayaraq ki, Azərbaycanın humanitar siyasətindən yararlanan ölkələrdən biri də Serbiya olmuşdur. Belə ki, koronavirus pandemiyası yayılmağa başladıqdan dərhal sonra Azərbaycan hökuməti Serbiyaya humanitar yardım göstərmişdi. Lakin Serbiyanın indiki vəziyyətdə belə bir addım atması başa düşülən deyil. Baxmayaraq ki, Serbiya Azərbaycanı əzəli tərəfdaş kimi qəbul edirdi, dəfələrlə Azərbaycanın digər ölkələrdən fərqli olaraq müstəqil siyasət yürütməsinə, habelə beynəlxalq arenada söz sahibi olmasına diqqət çəkmişdir.
Qeyd olunanlar fonunda yaranmış anlaşılmazlığa son qoymaq məqsədilə və vəziyyəti aydınlaşdırmaq üçün Serbiyanın ölkəmizdəki diplomatik korpusunun rəhbəri Xarici İşlər Nazirliyinə dəvət edilmiş, ona ölkəsinin atdığı addımların dostluq münasibətlərimizə kölgə saldığı və bizi narahat etdiyi bildirildi.