Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib.
İttihama görə, M.Əmrahov 2022-ci ildən etibarən adını yazdırdığı, lakin işə gəlməyən 12 nəfər işçinin əmək haqqlarını mənimsəyib və onların işini rəsmiləşdirərək vəzifə saxtakarlığı edib.
Bundan başqa, o, müxtəlif şirkətlərlə müqavilə bağlayaraq razılaşılmış məbləğin bir qismini ələ keçirməkdə təqsirləndirilir. O ümumilikdə 783 min manat pul vəsaitini ələ keçirməkdə ittiham olunur.
Zərərçəkənin nümayəndəsi qismində iştirak edən Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi bildirib ki, nazirlik tərəfindən təqsirləndirilən şəxsə 670 min manat dəyərində mülki iddia qaldırılıb.
Mehdi Əmrahov özünü qismən təqsirli bilib. Belə ki, o, özünü yalnız bir epizod üzrə - işinə səhlənkar yanaşmaqda təqsirli bilib.