Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyəyə qarşı ittihamlarla çıxış etməsi ilə bağlı müsahibə verib. Pravda.az AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.
- Ermənistan Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verərək Türkiyəyə qarşı ittihamlarla çıxış edib. Bu barədə şərhinizi öyrənmək istərdik.
- Ermənistanın bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid törədən təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə, bu kimi cəfəng açıqlamalarla çıxış etməsi bir daha rəsmi Yerevanın əsl niyyətinin öz işğalçı siyasətini gizlətmək və digər ölkələrə qarşı yalan və saxta ittihamlar irəli sürmək olduğunu nümayiş etdirir.
Türkiyəyə qarşı ərazi iddialarını dövlət gerbində əks etdirən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistanın bu açıqlaması həm gülüncdür, həm də riyakarlığın son həddi və özünə aid olmayan məsələlərə müdaxilə cəhdidir. Ermənistanın Şərqi Aralıq dənizindəki vəziyyətdən qətiyyən xəbəri yoxdur və onun bəyanatının yeganə səbəbi mövzunun Türkiyəyə aid olmasıdır.
Ermənistan öz yerini bilməli və əndazəsini aşmamalıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, diplomatiya ciddi bir sahədir və burada boğazdan yuxarı, məsuliyyətsiz bəyanatlara yer yoxdur. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən çox düzgün qeyd olunmuşdur ki, Ermənistan Sevan adlandırdığı, amma əsl tarixi adı Göyçə olan gölü Aralıq dənizi ilə qarışıq salmamalıdır.
Ermənistan rəsmilərinin bu günlərdə Sevr müqaviləsi ilə bağlı verdikləri bəyanatlar bir daha göstərir ki, bu ölkə keçmişin girovu olmaqdan qurtulmaq, əsassız nifrəti kənara qoymaq və qonşuları ilə sülh şəraitində yaşamağı öyrənmək iqtidarında deyil.
Qardaş Türkiyə beynəlxalq hüququn norma və prinsiplərini və öz milli maraqlarını rəhbər tutaraq, Şərqi Aralıq dənizində fəaliyyətini həyata keçirir. “Oruc Rəis” seysmik gəmisinin də təyinat məntəqəsinə yan alması qanunauyğun xarakter daşıyır. Biz Türkiyənin mövqeyini birmənalı dəstəkləyirik. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur.