9 avqustda Belarusda keçirilən prezident seçkilərinin nəticələrini elan edən Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80.1% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10.12% səs topladığı açıqlanıb.
Lakin seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar davam edir. İndiyədək 7 000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir. Seçkidə A. Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır. Belarusda seçkiləri müşahidə edən Milli Məclisin üzvü, deputat Arzu Nağıyev “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Arzu bəy, Belarusda prezident seçkilərini müşahidə etdiniz. Konkret harada müşahidələr apardınız? Sizin müşahidələr nə deyir, Aleksandr Lukaşenkonun adının qarşısına yazılan faizlər ədalətli nəticədirmi?
- Belarusda prezident seçkilərini müşahidə missiyasında mən və Milli Məclisin digər 3 millət vəkili, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi, eyni zamanda Azərbaycanın MDB Parlamentlərarası Assambleyadakı nümayəndəsi var idik. Biz həm MDB İcraiyyə Komitəsini, həm də MDB Parlament Assambleyasını təmsil edirdik. Konkret olaraq mən Minsk şəhərinin ən iri sənaye rayonu olan Partizansk rayonunda həm seçkidən öncə, həm də seçki günü müşahidələr apardım. Belarusda seçki iki mərhələdə keçirilir. Səsvermə 5 gün əvvəlcədən başlayır, bir də seçki günü, əsas gün, yəni 9 avqustda səs verilir. Partizansk rayonunda iri sənaye obyektləri, zavodlar, fabriklər, ali təhsil ocaqları və s. yerləşir. Birmənalı şəkildə deyə bilərəm ki, bu rayonda cənab Lukaşenko liderlik edirdi. Çünki rayon sakinləri işlə təmin edilib, sosial məsələlər həllini tapıb, zavod və fabriklər öz məhsullarını həm daxili, həm də xarici bazara şıxara bilirlər, bu da ki, çox vacib elementdir. Qeyd etməliyəm ki, Partizansk rayonunda cənab Lukaşenkonun səs faizləri həqiqətə uyğun idi.
- Elə isə seçkilərdən sonra xalqın küçəyə axışması nəyin göstəricisidir, burada xarici amil rol oynayıb, yoxsa sadəcə total seçki saxtakarlıqlarına etirazdan söhbət gedə bilər?
- Total seçki saxtakarlığından söhbət gedə bilməz. Çünki hətta vətəndaşların özü tərəfindən aparılan müşahidə və statistik göstəricilər ExitPoll-la müqayisədə o qədər də fərqli deyildi. Həmin nümayəndələrlə də görüşlərimiz oldu və əsas problemin siyasi olduğu nəzərə çarpırdı. Yəni iqtisadi tənəzzüldən və ya problemlərdən söhbət açılmırdı, əsas məsələ siyasi problemlərlə bağlı idi. Hiss edilirdi ki, xarici polittexnoloqlar öz işlərini görürdü. Təsəvvür edin ki, seçkinin bitməsinə 10-15 dəqiqə qalanda məntəqəyə 30-40 seçici gəlir və bir nəfər seçki kabinəsinə daxil olur, 10 dəqiqə ərzində çıxmır, süni sıxlıq yaradılır, narazılıq edənlərin və avtomobillərdən siqnallar verənlərin avtomobilləri isə şəxsi deyildi, icarəyə götürülənlər idi. Yəni düşünülmüş məsələlər nəzərə çarpırdı. Küçələrə çıxan kontingentə gələndə isə, bunlar heç də həssas və çətin durumda olanlar deyildi. Əsasən Polşada, Litva və digər xarici dövlətlərdə təhsil alan tələbələr, xarici şirkətlərdə işləyənlər, Rusiya ilə biznes fəaliyyəti ilə məşğul olanlar və bu və ya digər səbəbdən iş yerlərini itirən iş adamları çoxluq təşkil edirdi.
- Lukaşenkonun xanım rəqibi Svetlana Tixanovskayanın ölkədən çıxarılması əməliyyatını necə dəyərləndirirsiniz?