Son illər Azərbaycanda elektromobillərin istifadəsinin genişləndirilməsi məqsədilə mühüm təşviq tədbirləri həyata keçirilib. Vergi və gömrük güzəştləri nəticəsində ölkəyə gətirilən elektrik avtomobillərinin sayı artıb, bununla paralel olaraq şəhərin müxtəlif ərazilərində enerji doldurma məntəqələri quraşdırılıb. Həm dövlət qurumları, həm də özəl şirkətlər bu prosesə qoşularaq şarj infrastrukturunun sürətlə inkişaf edəcəyini açıqlayırdılar. Pravda.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Ancaq hazırda fərqli mənzərə müşahidə olunur. Son dövrlərdə yeni enerji doldurma məntəqələrinin quraşdırılması əhəmiyyətli dərəcədə zəifləyib, bəzi mövcud məntəqələr isə texniki nasazlıq səbəbindən istifadəyə yararsız vəziyyətdə qalıb. Bunun nəticəsində elektromobil sahibləri işlək məntəqələrdə uzun növbələrlə üzləşir, enerji doldurmaq üçün xeyli vaxt itirirlər.
Yaxın illərdə problem daha da kəskinləşə bilər - Elektromobil bazarında yeni çağırış
Bəs, görəsən, enerji doldurma infrastrukturunun inkişaf tempi niyə zəifləyib?
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev hesab edir ki, son dövrlərdə elektromobillər üçün yeni enerjidoldurma məntəqələrinin quraşdırılması tempinin zəifləməsi dövlətin bu sahədən geri çəkilməsi anlamına gəlmir. Onun sözlərinə görə, ilkin mərhələdə əsas məqsəd ölkə üzrə minimal şarj şəbəkəsinin yaradılması idi. Hazırda isə proses daha çox bazar prinsipləri əsasında davam etdirilir. Eyni zamanda, yeni şarj məntəqəsinin yaradılması təkcə avadanlığın quraşdırılması ilə yekunlaşmır. Bunun üçün kifayət qədər elektrik gücü, transformator və kabel infrastrukturu, şəbəkəyə qoşulma, ödəniş sistemi, internet bağlantısı və davamlı texniki xidmət təmin edilməlidir.
Ekspertin sözlərinə görə, mövcud infrastruktur hazırkı elektromobil sayını müəyyən qədər qarşılasa da, yaxın illərdə bazarın genişlənməsi üçün yetərli deyil. Əsas problem şarj məntəqələrinin sayından çox onların işlək vəziyyətdə olması, şarj gücü, əlçatanlığı və ölkə üzrə düzgün yerləşdirilməsidir. Xüsusilə çoxmənzilli binalarda yaşayan elektromobil sahibləri ictimai şarj şəbəkəsindən asılı olduqları üçün bu sahədəki çatışmazlıqları daha çox hiss edirlər.
A.Nəbiyev bildirib ki, şarj məntəqələrinin işləməməsi texniki xidmətin vaxtında aparılmaması, proqram təminatındakı problemlər, ehtiyat hissələrinin gec əldə olunması, müxtəlif qurumlar arasında məsuliyyət bölgüsünün tam müəyyənləşdirilməməsi və bəzi məntəqələrin iqtisadi cəhətdən səmərəli işləməməsi ilə bağlıdır. Bu səbəbdən yalnız yeni cihazların quraşdırılması deyil, onların fasiləsiz işləməsini təmin edəcək peşəkar texniki xidmət sisteminin qurulması da vacibdir.
Ekspert hesab edir ki, şarj məntəqələrində yaranan növbələr elektromobil bazarının inkişafını ləngidə, potensial alıcılarda isə infrastrukturla bağlı narahatlıq yarada bilər. Bu baxımdan, infrastruktur elektromobillərin sayının artmasını gözləmədən əvvəlcədən planlaşdırılmalıdır.
A.Nəbiyevin fikrincə, problemin həlli üçün ölkə üzrə vahid şarj infrastrukturunun inkişaf proqramı hazırlanmalı, məntəqələr real tələbat və nəqliyyat axını nəzərə alınmaqla yerləşdirilməlidir. İlk növbədə Bakı şəhərinin yaşayış massivlərində, çoxmənzilli binaların ətrafında, rayon mərkəzlərində və regionlararası magistral yollar boyunca şarj şəbəkəsi genişləndirilməlidir. Xüsusilə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax və Bakı-Astara istiqamətlərində kifayət qədər sürətli şarj məntəqələrinin yaradılması vacibdir. Eyni zamanda, yeni tikilən binaların parkinqlərində şarj nöqtələrinin yaradılması üçün zəruri infrastruktur əvvəlcədən nəzərdə tutulmalıdır.
Ekspertin sözlərinə görə, özəl sektorun bu sahəyə marağı qalır. Lakin yüksək investisiya xərcləri, uzun geridönüş müddəti və şəbəkəyə qoşulma problemləri investisiyaların sürətini azaldır. Buna görə də dövlət tərəfindən vergi və gömrük güzəştləri, subsidiya və güzəştli kredit mexanizmləri tətbiq edilməli, dövlət-özəl tərəfdaşlığı genişləndirilməli, vahid rəqəmsal platforma yaradılmalı və bütün operatorlar üçün texniki xidmət standartları müəyyənləşdirilməlidir.