Azərbaycanda koronavirus pandemiyası səbəbindən martda dayandırılan futbol yarışlarındakı həsrətə son qoyulub.
Pravda.az-ın məlumatına görə, 5 aylıq məcburi fasilə bu gün "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunu ilə başa çatıb.
Azərbaycan çempionu Şimali Makedoniya təmsilçisi "Sileks"lə üz-üzə gəlib. Ölkəsində ikinci yeri tutan, lakin çempion "Vardar"ın cəzası olduğu üçün Çempionlar Liqasında iştirak hüququ qazanan Kratovo klubu ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Qarşılaşma Ağdam təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Xayme Romeronun hesabı açdığı görüşdə Vild-Donald Gerye qayıdışını dublla qeyd edib. Matçda son nöqtəni Mahir Emreli qoyub – 4:0.
UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, darmadağınla qalib gələn “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandasının növbəti görüşdəki rəqibi “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü olacaq. Bu oyun sabah keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
18 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0