COVİD-19 pandemiya səviyyəsi rəsmən elan edildikdən sonra dünyanın ciddi maliyyə institutları və nüfuzlu beyin mərkəzləri ilk proqnozlarını verdilər. Əvvəl-əvvəl istər pandemiyaya münasibətdə, istərsə də verilən proqnozlara yanaşmada hətta dünyanın ən aparıcı dövlətləri və onların liderləri fərqli, bəzən biri-biri ilə ziddiyyət təşkil edən mövqe sərgiləyirdilər.
Karantin qaydaları tətbiqinin zəruriliyini, qoruyucu və dezinfeksiyaedici məmulatlardan istifadənin vacibliyini şübhə altına alan ölkələr, bəzən onlardan imtina edənlər də oldu. Bəzi ölkələr isə Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini tənqid edir, tövsiyyələrinə skeptik yanaşırdılar. Bu günün özündə də belə tənqidlər ara-sıra, haqlı-haqsız səslənməkdədir. Maraqlısı isə odur ki, bu tənqidlərin müəllifi kiçik yaxud orta səviyyədə inkişaf etmiş ölkələr deyil, dünyanın güc mərkəzləridir.
Bununla belə, beynəlxalq maliyyə institutlarının verdikləri proqnozlar artıq özünü doğrultmaqdadır. Ən qabaqcıl Avropa ölkələrinin iqtisadiyyatında geriləmənin həcmi 5-9%-dir, bir sıra ölkələrdə isə daha yuxarı həddədir. İlin sonunda bu göstəricinin konkret hansı həddə olacağını indidən dəqiqliklə proqnozlaşdırmaq mümkün olmasa da, əminliklə onu deyə bilərik ki, dünya iqtisadiyyatı uğradığı tənəzzülü dəf edə bilməyəcək, buna daha uzun zaman tələb olunacaq.
Nüfuzlu araşdırma mərkəzlərinin proqnozu bir də ondan ibarət idi ki, pandemiya yalnız dünya iqtisadiyyatına deyil, həm də geosiyasi mənzərəsinə, nüfuz dairələrinin yenidən bölüşdürülməsinə təsirsiz ötüşməyəcək. Bu proqnoz da özünü doğrultmaqdadır. Honq Konq ətrafında cərəyan edənlər bu dəyişimin ilk simptomu idi. Belarusda baş verən son hadisələr, Rusiyanın, o cümlədən hərbi müdaxiləsi ilə bağlı müraciətlər, geopolitik məkanda baş verən mürəkkəb oyunların, maraq toqquşmalarının təzahürüdür.
Türkiyənin Yaxın Şərqdə yerinə yetirdiyi sülhməramlı və təhlükəsizlik missiyasına qısqanc yanaşma da pandemiya fonunun müşaiyəti cərçivəsində baş verən qlobal siyasi oyunların tərkib hissəsidir.
Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində, bölgədə sülhün və sabitliyin təmin olunmasında qardaş Türkiyənin yerinə yetirməkdə olduğu, beynəlxalq hüquqa söykənən fəaliyyətinə işğalçı Ermənistanın kölgə salmaq cəhdi də geosiyasi oyunların üzdə olan kiçik hissəsidir. Lakin Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçı və təcavüzkar siyasətində olduğu kimi, bu oyunda da kiminsə istifadə etdiyi bir alətdir. Amma çox kəsərsiz alətdir, çünki ondan bir daha məkrli və ədalətsiz işdə istifadə edilməkdədir.