Təəssüflər olsun ki, bu gün koronavirus pandemiyası dünyanı təhlükə ilə qarşı-qarşıya qoymaqda davam edir. Dünyanın bütün ölkələri virusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi tətbiq etmək, kütləvi tədbirləri təxirə salmaq məcburiyyətində qalır.
Bunu Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputat qeyd edib ki, koronavirusun mövcud olduğu son 5 ayın təcrübəsi göstərdi ki, insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşmağı virusun yayılmasına təkan verən ən əsas məqamdır.
“Bu baxımdan bütün dünyada insanların kütləvi toplaşdırığı bütün yerlər, o cümlədən məscidlər, kilsələr, ibadətgahlar bağlanıb. Bu səbəbdən də müsəlmanlar Ramazan və Qurban, xristianlar Pasxa bayramlarını məscid və kilsələrdə qeyd edə bilməyiblər. Məlum olduğu kimi İslam dinində vacib əməllərdən sayılan Həcc ziyarəti də bu il çox məhdud çərçivədə qeyd olundu, başqa ölkələrdən zəvvarların gəlməsinə şərait yaradılmadı. Bildiyiniz kimi Məhərrəm ayı və Aşura da bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Bu baxımdan insanların sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması kimi məsələlər ön plana çıxır. Belə bir vəziyyətdə Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür.