Milli Məclisin sabiq deputatı, Demokratiya və İnsan Hüquqları komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə son günlərin qalmaqallı toy hadisəsi ilə bağlı sualları cavablandırıb.
- Çingiz müəllim, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev bir neçə gün bundan qabaq karantin qaydalarını pozaraq övladına toy mərasimi keçirib. Üstəlik həmin toyda ölkənin ictimai-siyasi xadimləri də iştirak edib. Bu barədə sizin də fikirlərinizi eşitmək istərdik.
- Ölkə mətbuatını öz ağuşuna almış Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi və orada iştirak edən şəxslərlə bağlı məsələ bütün mətbuat orqanlarında və cəmiyyətdə müzakirə predmetinə çevrilib. Hesab edirəm ki, cəmiyyətin bu mövqeyi haqlı yanaşmadır. Kimliyindən asılı olmayaraq, biz dövlətin qərar və qanunlarına tabe olmalıyıq. Ölkə başçısı bu mübarizə çərçivəsində həbs olunan icra başçıları ilə bağlı fikir bildirərkən bunu da qeyd etdi ki, heç kim qanundan üstün deyil və heç kim düşünməsin ki, kimlərinsə köməyi ilə qanunu pozduqda məsuliyyətdən yaxa qurtara biləcəklər. Baş verən hadisələrdə bir da ölkə başçısının qətiyyətli mövqeyini gördük. Mən bunu alqışlayıram. Hansı vəzifə tutmasından asılı olmayaraq, hər bir dövlət məmuru tutduğu vəzifə dövlətlə bağlıdırsa, ictimai-siyasi xadimdirsə, özünü ziyalı hesab edən kəsdirsə, indiki həssas zamanda, insanların emosiyasının gərgin olduğu pandemiya şəraitində belə ayrıseçkilik etməməlidir. Digər dövlət məmurları da bu tədbirdə iştirakdan imtina etməli idilər. Cəmiyyətdə bu zaman haqlı olaraq bu sual yaranır: niyə varlı, vəzifəli, imkanlı şəxslərə karantində toy etmək olar, yetim-yesirə, kasıblara olmaz? Bu sualın cavabını dövlətimiz bu gün toy təşkil edən qudalara məhkəmə orqanları tərəfindən verilən cəza ilə cavab verdi. Dövlətimiz bir daha göstərdi ki, Prezident İlham Əliyevin də dediyi kimi, qanun həmişə qanundur və heç kəs qanundan uca deyil. Bu cür tədbirlərin keçirilməsi və burada iştirak həm hüquqi, həm siyasi, həm də mənəvi məsuliyyət yaradır. Hüquqi mənada pandemiya dövründə Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı məsuliyyət yaradan hallar var. Bu toyun təşkili və iştirak məsələsinə görə, hesab edirəm ki, qüvvədə olan qanunun müvafiq maddələri ilə haqlı olaraq tədbirlər görüldü. Toyda iştirak edən hər kəs də İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edildi. Siyasi məsuliyyət isə siyasi elitaya, hakim siyasi partiyaya mənsub şəxslərin belə həssas məqamda toy təşkil etməsi və burada iştirakıdır. Mənəvi cəhətdən isə insanlardan fərqlənmək olmaz. İnsanlardan fərqlənərək, özlərinin istək və arzularına uyğun təbirlərin keçriilməsi və bununla da digər insanlara qarşı ayrıseçkiliyin təbliği hesab edirəm ki, mənəvi cəhətdən yolverilməzdir. Düşünürəm ki, bu proseslər davam etdikcə məsuliyyət məsələsi ilə əlaqədar başqa addımların atılmasının da şahidi olacağıq. Belə hesab edirəm ki, Ramiz Mehdiyev yaxın günlərdə könüllü şəkildə Akademiyanın prezidentliyi vəzifəsindən istifadə verib getməlidir. Ümumilikdə bir daha qeyd edirəm ki, hüququn aliliyinin tətbiqi ilə təşkilatçılara verilən inzibati cəza və orada iştirak etmiş iştirakçılara qarşı tətbiq edilmiş cəzalar artıq hər bir vətəndaşda belə fikir formalaşdırdı ki, dövlətimizdə qanun hər kəs üçün qanundur və heç kim qanundan uca deyil.