Artıq Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin gizli keçirilməsi haqqında təsəvvürlərin əldə olunması və əhalinin neçə faizinin artıq immuniteti olmasının öyrənilməsidir. Pandemiya ilə mübarizə strategiyasının çox mühüm bir hissəsi sayılan seroloji testlər dünyanın bir çox inkişaf etmiş ölkələrində reallaşdırılır. Amma buna baxmayaraq, cəmiyyət seroloji testlərin əhəmiyyətindən və bunun nəyə xidmət etdiyindən yetərincə məlumatlı deyil. Məsələ ilə bağlı Moderator.az- a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev seroliji testlərlə bağlı suallarımızı cavablandırıb.
Azərbaycanlı alimdən seroloji testlərlə bağlı növbəti ÇAĞIRIŞ
O, Azərbaycanda seroloji testlərin aparılmasını pandemiya dövründə ən dəyərli elmi tədqiqat kimi qiymətləndirdiyini bildirib: "Çünki məhz bu tədqiqatın nəticəsində bir çox məsələlər öyrəniləcək. Məsələn dünən dünyada ilk dəfə 5 aydan sonra yenidən COVID-19 virusuna yoluxma qeydə alınıb, bunun Azərbaycanda da belə olub olmaması məsələsi bu seroloji müayinələrdən sonra dəqiq öyrənilə bilər. Buna görə də seroloji testlərin aparılması dövlətin pandemiya ilə mübarizədə elmi səviyyədə dəqiq strategiyaları müəyyən etmək üçün çox önəmlidir. Ona görə də vətəndaşlar unutmamalıdırlar ki, onların seroloji testlərdə iştirakı dövlətlə həmrəy olub pandemiyaya qarşı mübarizədə birgə addımlamaq deməkdir".
Azərbaycanlı alim pandemiya ilə mübarizədə bugünə qədər dövlətlə həmrəylik nümayiş etdirən vətəndaşlara təşəkkür edib və önümüzdəki günlərdə də digər vətəndaşları da həmrəylik göstərməyə çağırıb: "Azərbaycan xalqı dövlətinin yanında olduğunu göstərməlidir. Burada önəmli olan odur ki, insanlar qəti olaraq fərziyyələrə əsaslanan və elmi əsası olmayan məsələləri əsas götürməsinlər və bütünlüklə digər inkişaf etmiş ölkələrdə olduğu kimi dövlətə virusla mübarizədə dəstək olsunlar. Seroloji müayinələrlə xalqımız dövlətlə bərabər olduğunu göstərməklə yanaşı elmə də dəyər verdiyini göstərəcək".