Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi müəyyənlik prinsipi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki mühakimə icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, Şəki Rayon Məhkəməsinin müraciətini, Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəməsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan MR Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.