Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən əmək pensiyaları sistemi sığorta prinsipləri, yəni şəxsin topladığı pensiya kapitalı əsasında pensiya məbləğinin formalaşması mexanizmi əsasında fəaliyyət göstərir.
Bu məqsədlə son 20 ildə mərhələli şəkildə əvvəlcə pensiya təminatının, sonra isə pensiyaların artırılmasının şəxsin əməkhaqqı ilə əlaqəsi ləğv edilmiş, pensiya məbləğinin toplanmış pensiya kapitalı əsasında müəyyən edilməsinə, pensiyaların artırılmasının isə vahid - indeksasiya metodu əsasında həyata keçirilməsinə başlanılıb.
Bu yanaşmanın tətbiqi pensiyaçıların sosial rifahının güclənməsinə səbəb olmuş, minimum və orta pensiya məbləğlərinin mütəmadi artırılması üçün təminat yaratmış, habelə dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığının möhkəmlənməsinə müsbət təsir edib.
Bununla belə, əmək pensiyaları sistemində sosial sığorta prinsiplərinə əsaslanmayan, pensiyaya çıxarkən əməkhaqqılarına bağlı olan ödənişlər qalmaqdadır ki, bu da dövlət sektorunda əməkhaqqı islahatlarının həyata keçirilməsinə maneələr yaradır və qeyri-bərabər pensiya məbləğlərinin formalaşmasına səbəb olur.
Bu xüsusda sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Məhz növbəti addım olaraq, dövlət sektorunda həyata keçirilən əməkhaqqı islahatları ilə bərabər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur:
Dövlət qulluqçularının pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti:
Qeyd olunduğu kimi bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiya məbləğləri fərdi şəxsi hesablarında topladıqları pensiya kapitalına deyil, əməkhaqqındakı sonrakı artımlara əsaslanır ki, nəticədə toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşır.
Hesablamalar göstərir ki, əməkhaqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir.
Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə dövlət məvacibi (əməkhaqqı) arasındakı əlaqə aradan qaldırılır və fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşır. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək. Pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək.