Dövlət Təhlükəsizliyi Xidməti (DTX) süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların davam etdiyi müşahidə olunur.
“Aparılan təhlillər göstərir ki, müvafiq qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də sadə vətəndaşları hədəfə alırlar. Çoxsaylı xəbərdarlıqlara və maarifləndirici tədbirlərə baxmayaraq, bəzi hallarda vətəndaşların hələ də belə dələduzluq hallarına inandığı və onların qurbanına çevrildiyi diqqət çəkir.