Milli Məclisin deputatları avqustun 31-də tətildən qayıdıblar.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə parlament ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
Pravda.az bəzi deputatların məzuniyyəti necə keçirdiklərini təqdim edir:
Aqil Abbas bu yay tətilini hamı kimi keçirdiyi deyib:
“Bu il məzuniyyət keçirən oldu ki mən də keçirim?! Hamı necə mən də elə. Yay tətilimi Ağcabədidə, Füzulidə, Ağdamda insanlarla görüşdə olmuşam. Kimin nə problemi olubsa, kömək etməyə çalışmışam. Xüsusi yay tətili keçirməmişəm”.
Nigar Arpadarai ən əsası ailəsi ilə vaxt keçirdiyini bildirib:
“Ötən aylar ərzində iş rejimindən demək olar ki çıxmamışam. Tovuz hadisələri ilə bağlı beynəlxalq təşkilatlara, parlamentlərə, mediaya müraciətlər göndərdim. Bunlar çox önəmli məsələlər idi. Eyni zamanda, bütün bu aylar ərzində seçicilərimlə ünsiyyətdə oldum. Həm onlayn görüşlər, həm də karantin şərtlərinə əməl edərək təkbətək seçici qəbulunu və təmsil etdiyim Səbail rayonunda məhəllələrdə görüşləri gerçəkləşdirdim. Çalışdım ki, insanların mənə ünvanladıqları müraciətlərin aidiyyatı qurumların köməyi ilə həllinə nail olum. Digər tərəfdən, payız sessiyasında bir neçə təkliflərlə bağlı çıxış edəcəyəm. Qadınların məşğulluğu, həssas qruplarla iş və şəhərimizdə velosipedin alternativ nəqliyyat vasitəsi kimi istifadəsi üçün bulvarda və şəhərin digər ərazilərində velosiped infrastrukturunun yaradılması mövzuları yaxın aylar ərzində mənim üçün prioritet olacaq. Son həftələr bu mövzular ətrafında araşdırma aparmışam. Ən əsası isə ailəmlə vaxt keçirdim”.