Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Məmmədov Zaur Vaqif oğlunun qanunsuz hərəkətləri barədə həmin ASC-dən daxil olmuş müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan Pravda.az-a verilən məlumata görə, aparılmış istintaqla Zaur Məmmədovun 8 noyabr 2018-ci il tarixdən 11 dekabr 2019-cu il tarixədək olan müddət ərzində direktoru olduğu nümayəndəliyin Ağcabədi rayon ərazisində yerləşən anbarına qeyd edilən Cəmiyyət tərəfindən satış üçün yığılmış mineral gübrə və pestisidləri həmin anbardan hər hansı sənədləşmə aparmadan 2019-cu il ərzində öz qulluq mövqeyindən istifadə edərək satmasına, bununla da ona etibar olunmuş cəmi 469 min 276 manat məbləğində əmlakı ASC-yə külli miqdarda ziyan vuraraq vahid niyyətlə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.