Respublikamızın bəzi regionlarında meliorasiya və su təsərrüfatı sahəsində son dövrlərdə yaranmış problemlərin aradan qaldırılması, əhalinin su təchizatının daha da yaxşılaşdırılması üçün proqram xarakterli ardıcıl tədbirlər görülməkdədir.
Qeyd edilən bu strateji sahənin normal fəaliyyətinə maneə törədən faktorların müəyyən edilərək aradan qaldırılması istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Azərbaycan Respublikası “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin müdiri işləmiş Pənahov Rövşən Pənah oğlunun həmin idarənin çilingəri və sürücüsünün əmək stajı hesablanmaqla işə gəlməmələrinə şərait yaratması müqabilində onların əmək haqqı kartlarını alıb özündə saxlamaqla karta mədaxil olunan pul vəsaitini hər ay nağdlaşdıraraq 2017-ci ildən 2020-ci ilə kimi olan müddətdə 10 min 239 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşib.