Gələcək Azərbaycan Partiyası (GAP) qurultay keçirib.

Pravda.az-ın xəbərinə görə, qurultay karantin rejimi qaydalarına uyğun olaraq “online” formatda baş tutub.

Qurultaya üzv seçilmiş 76 nəfərdən 68-i nəfəri toplantıya qatıla bilib.

Əvvəlcə cari məsələlərə baxılıb, partiyanın müvafiq strukturlarına seçkilər keçirilib. Təşkilatın Ali Məclisi və digər seçkili orqanları tam formalaşdırılıb.

Qurultay nümayəndələrinin təklifi ilə sədr vəzifəsinə GAP təsis edildiyi gündən ona rəhbərlik edən Ağasif Şakiroğlunun (İbrahimov) namizədliyi irəli sürülüb və o, yekdilliklə sədr seçilib. Partiyanın qeydiyyata alınması üçün müvafiq sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi ilə əlaqədar qərar qəbul olunub.

Qeyd: GAP 2013-cü ildə təsis edilib. Partiya yarandığı müddətdən bu günədək sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməyib. Bildirilib ki, buna ölkədə olan qeyri-sağlam ictimai-siyasi mühit səbəb olub. Azərbaycanın siyasi həyatında yeni dönəmin başlanması ilə əlaqədar partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər, partiyanın Ali Məclisi, Siyasi Şurasının tərkibinin yenilənməsi ilə bağlı zərurətlər meydana çıxmışdı.