Ramiz Mehdiyevin İlham Əliyevə xəyanəti

Hamı indi düşüb Ramiz Mehdiyevin üstünə, ona görə də mən onun haqqında ilk gündən heçnə yazmaq istəmirdim.

Amma görürəm ki, akademik gözümüzün içinə baxaraq dayanmadan yalan danışır.

Özünün bu dövlətin idarəçiliyində rolunu kiçildir və səhv siyasətlərin yeridilməsini ya İlham Əliyevin ya da ki, başqa nazirlərin üstünə atır, öz səlahiyyətlərinin hüquqi çərçivələrindən danışır. Öz məsuliyyəti və səhvləri haqqında, real gücü haqqında heçnə demir.

Hər kəs bilir ki, ölkədə bütün vacıb operativ idarəçilik qərarlarını Ramiz Mehdiyev verirdi. Heç bir nazir onun göstərişi olmadan öz sahəsində vacib qərar verə bilməzdi. Belə qərarları verən insanın əlində isə artıq o qədər power (güc) cəmləşirdi ki, onun strateji məsələlərdə də həlledici təsirə malik olması hamının bildiyi və hesablaşdığı bir fakt idi.

Akademik yazılarında Prezidentə sədaqətdən danışır, amma əslində bu yazıları yazmağla o ona birbaşa siyasi xəyanət edir.

Hər bir komandanın içində dava olur, konflikt olur, birinci və ikinci şəxs arasında isə həm çox yaxın, həm də çox çətin və ağır münasibətlər ola bilir. Hər kəsin, hər komandanın səhvləri olur, problemləri olur, amma işdən təmtəraqlı gedəndən sonra iş yoldaşlarına, rəhbərinə, işçilərinə qarşı ezop dilində də olsa publik danışmaq əsl xəyanətdir və Ramiz Mehdiyevin kim olduğunu, hansı mədəniyyət sahibi olduğunu hər kəsə daha da dəqiq göstərir.

Amma bu Ramiz Mehdiyevin ilk xəyanəti deyil. 2005-ci ildən bu tərəfə bir neçə dəfə ciddi və əsl islahat aparmaq cəhdlərini sabotaj edən əsas fiqur Ramiz Mehdiyev olub və o hər dəfə bu daxili davalarda qalib gəlib və istədiyi siyasətləri də, kadrlarını da, bu dövlətə və hökümətə sırıya bilib.

Şəxsən mənim/bizim(AN, FASE) də təşəbbüslərimizi, progressiv və əsl islahatlara yeni nəfəs, keyfiyyət və güc verə biləcək işlərimizin qabağını da şəxsən Ramiz Mehdiyev alırdı.

Ramiz Mehdiyev o zaman imkan versəydi biz inkişaf layihələri ilə məşqul olardıq, ölkənin pozitiv istiqamətdə dəyişməsinə və müasirləşməsinə ciddi töhfələr verərdik. Amma o birbaşa nazirlərə, şirkətlərə göstərişlər verərək bizim nəslin bütün yollarını bağladı, bütün görə biləcək işlərimizin qarşısını aldı. Yalnız 5000 tələbənin xaricə göndərilməsinin qabağını ala bilmədi.

O hər dəfə istənilən dialoqun, progressiv təşəbbüsün qarşısını həm hökümətin içində, həm də cəmiyyətdə qabağını alıb və öz yaratdığı sistem də indi onun üstünə gedir və onu məhv edir.

Sistemi bu gün dəyişmək vaxtıdır, yoxsa bu sistem hamımızı məhv edəcək.

Amma bu sistemi nifrətlə yox, sevgi ilə birlikdə dəyişməliyik. Ramiz Mehdiyevin bütün etdiklərinə baxmayaraq mən onun mənə qarşı etdiklərini ona bağışlayıram.

Heç kimlə düşmənçilik etmək tərəfdarı deyiləm. Amma akademik də bu yaşında özünə, bizə, dövlətə hörmət edərək gedib nəvələri ilə oynamalıdır, daha xalqa yalan danışmaqla, vaxtımızı almaqla və belə ucuz şou ilə məşqul olmalı deyil. Getməyi də bacarmaq lazımdır.

Emin Milli

İctimai fəal