"Prezident çıxışlarında hər zaman iqtisadiyyatın liberallaşdırılmasını və dövlət əmlakının özəlləşdirilməsini, xarici investorların ölkəyə cəlb edilməsinin vacibliyini xüsusi vurğulayıb. Nazirlər Kabinetinin vətəndaşların xaricdən mal sifarişi ilə bağlı qərarı, ardınca da Bakı Nəqliyyat Agentliyinin taksi xidmətinə vahid tarifin tətbiqi ilə əlaqədar absurd açıqlamaları yayıldı ki, bunlar liberal iqtisadiyyata zidd yanaşmadır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat: "BNA-nın taksi xidməti ilə bağlı absurd açıqlamaları liberal iqtisadiyyata zidd yanaşmadır"
Deputatın sözlərinə görə, xüsusilə belə iqtisadi və sosial cəhətdən həssas bir məqamda qurumların bu qərarları xalqın vəziyyətini daha da gərginləşdirir: "Bir tərəfdən dövlət vətəndaşa dəstək paketləri həyata keçirir, digər tərəfdən isə yeni qərarlar və ya planlaşdırılan layihələr insanların sosial rifahı yolunda aparılan islahatlara uyğunluq təşkil etmir.
Müşahidələrdən də göründüyü kimi hər iki proses ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb, sosial platformalarda ciddi müzakirəyə səbəb olub. Düşünürəm ki, bu qərarlar ölkə daxilindəki şirkətləri və dövlət iqtisadiyyatını canlandırmağa yönəlib. Lakin yenə də qərar düzgün deyil, çünki pandemiya insanlara hər cəhətdən mənfi təsir edib. Gərgin vəziyyəti daha da gərginləşdirəcək məqamlara diqqət edilməlidir. Bu tip gözlənilməz qərarları qurumlar tək başına qəbul etməli deyil. Belə məqamlarda müstəqil ekspertlər, ictimai birliklərin nümayəndələri, kiçik və orta sahibkarlar dəvət olunub müzakirələr aparılmalıdır, vətəndaşlar arasında sorğular keçirilməlidir. Təkliflər verilməli, alternativ variantlar irəli sürülməlidir".
"BNA-nın irəli sürdüyü vahid tarif məsələsi ya əvvəldən olmalı idi, ya da pandemiyanın çətinlikləri arxada qaldıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun olardı. Hazırda Azərbaycanda ən çox rəqabətin olduğu iqtisadi sahə taksi xidmətidir. Rəqabətin ən şəffaf nümunəsi sayılan taksi bazarının da dövlət nəzarətinə keçməsi rəqabəti zəiflədəcək, bununla da keyfiyyət və yüksək xidmətə ciddi zərər dəymiş olacaq. Burada məqsəd xarici taksi şirkətlərini hər hansı öhdəliyə cəlb etməkdirsə, bunu müxtəlif yollarla həyata keçimək olar. Təbii ki, xarici şirkətlərin yerli şirkətləri sıxışdırması da düzgün deyil və ya xarici şirkətlərə öhdəlik artıqlaması ilə tətbiq edib, daxili bazara olan marağı azaltmaq da olmaz. Hər halda qərarlar gözlənilmədən zamansız olmamalıdır. Dünya təcrübəsinə əsaslansaq deyə bilərəm ki, dünya ölkələrinin əksəriyyətində taksi bazarının idarəçiliyi azad sahibkarların əlində cəmləşib. Məhz bu sahibkarlar da daxili iqtisadiyyatı ayaqda saxlayır. Düşünsək ki, bu addım minlərlə işçiyə və onların ailə üzvlərinə təsir edəcək, həmçinin bu baxımdan hazırki vəziyyətdə sosial siyasətlə tərs mütənasiblik təşkil edir" - M.Cəfərov əlavə edib.
Deputat vurğulayıb ki, digər tərəfdən də hazırda metro bağlıdır və epidemiya ilə əlaqədar nə vaxt yenidən fəaliyyətə başlayacağı da bilinmir: "Marşrut xətləri də metronun yükünü daşıya bilmir. Vətəndaşları ucuz və keyfiyyətli taksi xidmətindən məhrum etmək heç də düzgün deyil. Ölkə başçısının siyasətinin əsasını hər zaman vətəndaşın sosial-iqtisadi rifahını təmin etmək təşkil edib. Bu qərarın da kiçik və orta biznesə ziyan edə biləcək ehtimalını belə aradan qaldırmaq lazımdır. Çünki dövlətimizin siyasətinin əsasında vətəndaş amili dayanır".