Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən olduqca açıq, ölkəmizin milli maraqlarına əsaslanan fikirlər səsləndirdi. İxtisasca diplomat olan, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz.
Pravda.az-ın xəbərinə görə, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi, əzm və iradə göstərdi. Dövlətimizin başçısı Azərbaycan-Yunanıstan əməkdaşlığının son illərdə aşağı səviyyədə olduğunu vurğulayaraq, Yunanıstan hökumətinin Azərbaycanla əməkdaşlıq məsələsində nümayiş etdirdiyi qeyri-adekvat mövqeni tənqid etdi və bunun beynəlxalq əməkdaşlıq ruhuna uyğun olmadığını diqqətə çatdırdı. Yunanıstan, Ermənistan və Kipr arasında üçtərəfli formatda hərbi əməkdaşlığın ölkəmizdə narahatlığa səbəb olduğunu vurğulayan Prezident prinsipial mövqe nümayiş etdirdi, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığının narahatlıq doğurduğunu bildirdi. Ermənistan 30 ilə yaxın müddətdir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. İşğal faktı beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapır və Ermənistan işğalçı ölkə olaraq qəbul edilir. Belə bir vəziyyətdə Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı işğalçıya və işğala verilən dəstək kimi qiymətləndirilməlidir və bu məsələ Azərbaycanı narahat etməyə bilməz. İki ölkə arasındakı əməkdaşlığımıza mənfi təsir göstərən məsələləri açıq-aydın şəkildə diqqətə çatdırması Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən xarici siyasətdə prinsipial mövqe tutmasının bariz göstəricisidir.