Koronavirus testləri yoluxub sağalmış insanlardakı "ölü" virusu aşkarlaya və pozitiv nəticələr verə bilər.
Pravda.az xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın Oksford Universitetinin araşdırmaçıları gəliblər.
Alimlər vurğulayıblar ki, koronavirusu aşkarlamaq üçün istifadə olunan əsas və ən geniş yayılmış testlər o qədər həssasdır ki, cəmi bir həftə aktiv olan virusu bir neçə həftə sonra götürülən nümunələrdən də aşkarlaya bilir: “Bu amil pandemiyanın gerçək vəziyyətini görməyə və təhlil etməyə mane olur. Həmçinin artıq sağalmış insanların pozitiv nəticələr səbəbilə gərəksiz yerə xəstəxanaya yerləşdirilməsi onların yenidən yoluxma riskini artırır, vaxt itkisinə və xəstəxanalarda aktiv viruslu xəstələrə tibbi xidmət, çarpayı çatışmazlığına gətirib çıxarır”.
Lakin bəzi alimlərin qənaətincə, testlərin həssaslığı zəruridir və nəticələrdə yayınma riskini istisna edir. Çünki bəzi xəstələrdə virusun aktiv dövrü daha uzun müddətli olur.