Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Paşinyan və həyat yoldaşı Ermənistanın özündə nüfuzsuz cütlük obrazına dönüb” - Deputat

1 344
Paylaş:
“Paşinyan və həyat yoldaşı Ermənistanın özündə nüfuzsuz cütlük obrazına dönüb” -     Deputat

Tovuz istiqamətində gedən döyüşlərdən sonra düşmən ölkədə müşahidə edilən situasiya ondan ibarətdir ki, Ermənistan ciddi şəkildə növbəti müharibəyə hazırlaşır. Son həftələrdə cəbhədə artan təxribatlar, silahlanma prosesinin sürətlənməsi, Azərbaycana yönəlik təhdidlər də yeni bir savaşın başlayacağı ehtimalını artırır. Bəs görəsən indiki situasiyada cəbhədə aktiv hərbi əməliyyatların başlaması nə dərəcədə mümkün görünür? Eləcə də hərbi əməliyyatlar başlayacağı təqdirdə proseslər hansı məcrada inkişaf edə və sonucılana bilər? Bu və ya digər suallarla Milli Məclisin deputatı Cavid Osmanovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Cavid Osmanov Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və onun gələcək perspektivlərindən də danışıb.

-Cavid müəllim, son aylarda Qarabağ cəbhəsində hərəkətlilik nümayiş edilir, işğalçı Ermənistanın cəbhə bölgəsində hərbi texnika, silah-sursatı bir qədər də artırdığı aydın görünür. Bu tendensiya Qarabağ cəbhəsində yeni gərginliyin baş verəcəyi və aktiv hərbi əməliyyatların başlayacağından xəbər verirmi?

-Əvvəla onu qeyd edim ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Əlbəttə ki,   bu münaqişənin bir həlli yolu var - Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi, bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması. Lakin Ermənistan bu prosesdən belə demək mümkündürsə sui-istifadə etməyə və status-kvonun dəyişməz qalmasına çalışır. Eyni zamanda Paşinyan hakimiyyəti Ermənistanda daxili problemlərin məngənəsində, siyasi, sosial və iqtisadi böhranlardan  sıxılan insanların diqqətini yayındıra və cəbhə bölgəsinə yönəldə bilmək üçün təmas xəttində təxribatların törədilməsində maraqlıdır. Təbii ki, Ermənistanın istənilən təxribatlarının qarşısı bu vaxta qədər Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb, bundan sonra da alınacaqdır. Bununla belə son bir aya yaxın müddətdə Rusiyadan Ermənistana 500 tondan artıq hərbi texnikanın və silah-sursatın verilməsi, Ermənistan tərəfini Gəncəni vurmaqla hədələməsi, Tovuz istiqamətində təxribatların törədilməsi, Ermənistanın diverseya kəşfiyyat qrupunun ərazilərimizə keçmək cəhdləri  vəziyyəti bir azda gərginləşdirir. Əlbəttə ki,  danışıqlar prosesi artıq fiaskoya uğrayır və belə olan halda hərbi əməliyyatların başlaması qaçılmaz ola bilər. Bütün beynəlxalq hüquq və norma bu münaqişənin hərbi yolla ərazi bütövlüyümüzü  bərpa etmək üçün Azərbaycanın tərəfindədir.

-Görünən odur ki, Ermənistanın hərbi ritorikanı artırmasına beynəlxalq aləm, ATƏT-in Minsk Qrupu da səssizlik nümayiş etdirir. Belə nəticəyə gəlmək olarmı ki, regionda savaşın yenidən alovlanmasında elə beynəlxalq aləm, Minsk Qrupu özü maraqlıdır?

-Azərbaycana qarşı bəzi dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlardan çıxış etmələri heç də sirr deyil. Təəssüf doğuran məqam isə  münaqişənin həlli ilə əlaqəli olan təşkilatların da ikili satandartlardan çıxış etmələridir. Minsk Qrupunun həmsədr ölkələrindən biri Rusiyanın Ermənistanı silahlandırması, Fransanın siyasi dəstək verməsi haqlı olaraq hər kəsdə ciddi suallar doğurur. Ölkə Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı vasitəsilə bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı öz iradlarını bildirmişdir. Daha sonra Rusiya Müdafiə Naziri Sergey Şoyqunun guya ki, Gümrüdəki Rusiya bazasına tikinti materialları daşıması açıqlaması isə məntiqsiz və gülünc doğuran cavab kimi qiymətləndirilir.

-Hərbi əməliyyatlar başlayacağı təqdirdə qardaş Türkiyənin Azərbaycana hərbi dəstək verməsi nə dərəcədə mümkün görünür və son həftələrdə Azərbaycanın müxtəlif ərazilərində keçirilən hərbi təlimlər də onu deməyə əsas verirmi ki, Türkiyə Qarabağda savaş başlayacağı təqdirdə Azərbaycanla bir yerdə olacaq?

-Azərbaycan-Türkiyə qardaş ölkələrdir və ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqlar mövcuddur ki, bu əməkdaşlıqlar da hər bir sahəni əhatə edir. Bu yaxınlarda ölkəmizdə keçirilən Azərbaycan- Türkiyə birgə təlimlərİ isə ölkələrimizin hərbi sahədə də eyni mövqedə və maraqlarda olduğunun göstəricisidir. Türkiyə Qarabağda savaş başlayacağı təqdirdə Azərbaycanla bir yerdə olacaq? Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, Türkiyə dövləti bunu dəfələrlə bəyan edib və buna heç bir şübhə ola bilməz.

-Bu arada Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması nə dərəcədə mümkün variantlardan sayılır?

-Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Müttəfiq ölkələrlə, xüsusilə də qardaş Türkiyə ilə birgə hərbi layihələr icra edilir. Türkiyənin hərbi bazalarının yaradılması üçün ilk növbədə saziş imzalanmalıdır və hələ ki, belə bir saziş yoxdur. Əslində lazım olarsa belə bir saziş olmadan da Türkiyə ilə hərbi təlimlər keçirilir. Türkiyə qardaş ölkə olaraq hər zaman hər bir sahədə, o cümlədən hərbi sahədə Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edir. Konkret olaraq hərbi bazaların yaradılması məsələsi isə gələcəkdə cərəyan edən proseslərdən asılı ola bilər.

-Cavid müəllim, müşahidə etdiyimiz bir mənfi tendensiya da var ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmanı davam etdirirlər. Hətta Livan və Suriyadan Qarabağa gətirilərək burada məskunlaşdırılanlar var. Nəzərə alsaq ki, beynəlxalq birlik bu qeyri-qanuni məskunlaşmaya da səssizdir, o zaman Azərbaycan hansı addımı atmalıdır?

-Dünənə qədər sülh çağırışı edən Paşinyanın həyat yoldaşı Hakopyanın bu gün işğal altında olan ərazilərdə təlimlər keçməsi onu deməyə əsas verirmi ki, Ermənistan artıq sülh danışıqlarından tamamilə imtina edib?

-Sülh anlayışı erməni xislətinə yad bir anlayışdır.  Paşinyan ailəsi siyasi hakimiyyətini qoruyub saxlaya bilmək üçün bu kimi ritorikalardan çıxış edir. Ancaq unudurlar ki, bu kimi əməllər Azərbaycan tərəfinin səbrini daşırmağa xidmət edir. Paşinyanın özü də, həyat yoldaşı da hakimiyyətdə olduğu müddətdə sərsəm bəyanatlar və yalan vədlər verməklə Ermənistanın özündə belə nüfuzsuz cütlük obrazına dönmüşdür. 

-Tovuz hadisələrindən sonra Rusiyadan xeyli miqdarda hərbi texnikanın Ermənistana daşınması Qarabağda yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə düşmən ölkənin hərbi üstünlüyünün əldə olunmasına nə dərəcədə imkan yarada bilər?

-Ermənistan hər cəhətdən Azərbaycandan qat-qat zəif və gücsüzdür.  Yaxşı bir el məsəli var, qonşuya ümid olan çıraqsız qalar.  Sabah Rusiya tərəfi şəxsi maraqlarına uyğun olaraq məsələyə münasibətdə başqa istiqamət götürərsə necə olacaq, bəs?! Azərbaycan ordusu dünya reytinqinə, maddi-texniki bazasına, hazırlıq səviyyəsi, müasir silahlarla təchizatı, döyüş hazırlığına görə 50 ən güclü ordular arasındadır. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvan istiqamətindəki Güngüt əməliyyatı, 2020-ci ilin iyul ayındaki Tovuz istiqamətdə təxribatların qarşısının alınması Azərbaycan ordusunun qüdrətindən xəbər verir və Ermənistan tərəfini qorxu və vahimə içərisində yaşamağa məcbur edir. Bu misalları bir daha hər birimizdə əminlik yaradır ki, hərbi əməliyyatlar başlanarsa Azərbaycan ordusu istənilən təxribatların qarşısını qətiyyətlə almağa  və  Ermənistan ordusunu darmadağın edərək qısa müddətdə öz ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.

-Ümumiyyətlə, münaqişənin tənzimlənməsi ilə məşğul olan bir ölkənin münaqişə tərəflərindən birinə, həm də işğalçıya hərbi yardım etməsi Rusiyanın işğala dəstək verməsi sayıla bilərmi?

-Münaqişənin həlli ilə məşğul olan ölkələrin prosesdə tərəf tutması belə xoşagəlməz haldır, qaldı ki, işğalçı ölkəni silahlandırsın. Bu məsələ ilə əlaqəli Azərbaycan tərəfinin haqlı etirazı cənab Prezident İlham Əliyev tərəfindən Rusiya rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla belə Rusiyanın bu addımı heç bir beynəlxalq qanun və normaya uyğun deyil. Bu baxımdan ATƏT-in Mins Qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması artıq zərurətdir.

Paylaş:

Ən son xəbərlər