Cənab Prezidentimizin də xüsusi vurğuladığı kimi, Ermənistanın Azərbaycan torpaqlarını işğal edib buradakı qədim abidələri məhv etməsi yalnız bizim deyil, bütün islam dünyasının problemidir. Çünki işğal edilmiş ərazilərdə bir çox dini abidələrimiz var. Bu abidələr ya Ermənistan tərəfindən dağıdılıb, ya da müxtəlif formalarda təhqir edilir. Bəzi məscidlərdə heyvan saxlanması isə bütün islam dünyasına edilən təhqirdir.
Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər haqda danışarkən deyib.
Millət vəkili bildirib ki, Prezidentin İranın yeni səfiri Abbas Musəvi ilə keçirdiyi görüş bir neçə istiqamətdə diqqəti cəlb edir:
“Əvvəlcə onu deyim ki, son zamanlar cənab Prezidentin səfirlərlə keçirdiyi görüşlərin ictimaiyyətə geniş təqdim edilməsi vacib və bir o qədər də pozitiv haldır. Çünki cənab Prezident həmişə xalqa arxalanıb və xalqın sözünü, iradəsini ifadə edib. Bu gün Azərbaycanın hər bir fərdi dövlətimizin apardığı milli maraqlara uyğun açıq siyasətin şahidi və iştirakçısına çevrilib”.
Millət vəkilinin sözlərinə görə, bu görüş zamanı da Prezident xalqımızı narahat edən məsələləri gündəmə gətirdi:
“Xüsusilə son zamanlar Rusiyadan Ermənistana daşınan silah-sursatın, dost, qardaş və eyni dindən olan ölkələrin ərazisindən keçməsi bizi çox təəssüfləndirir. Ölkə başçısı görüş zamanı açıq şəkildə dedi ki, Ermənistanın təcavüzü yalnız Azərbaycana qarşı deyil, bütün islam dünyasına qarşı yönəlib. İşğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır, qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, Cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşidbanu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.