"Yeni Azərbaycan" qəzetinin keşmiş baş redaktoru Alqış Həsənoğlunun müsahibəsi:
-Alqış müəllim, yəqin ki, Mehdiyevin kürəkəni həbsdən çıxandan sonra jurnalistlərə verdiyi açıqlamanı izləmisiniz. Kürəkən açıq – aşkar Mehdiyevi tənqid edənləri hədələyir, mesajlar verir…
– O acıqlamaya baxdım. Doğrusu, mən onun dediklərini bir hədə, mesaj kimi qəbul etməzdim. Nəyə görə? Dərhal hiss olunur ki, onun mətbuatla, jurnalistlərlə ünsiyyətində ciddi problemlər var. Baş verən hadisələri qiymətləndirməkdə çətinlik çəkir.
Ümumiyyətlə, onun ümumi hazırlığı çox aşağı səviyyədədir. Baxmayaraq ki, bir necə il qaynatasının yanında Prezident Adminstrasiyasında işləyib, 10 il Milli Məclisdə təmsil olunub… Amma onun dediklərindən bir dəqiq nəticə cıxarmaq mümkündür ki, Ramiz Mehdiyev onu çox yaxına buraxıb. Kürəkən Mehdiyevin dövlətimizə, Azərbaycan Prezidentinin əleyhinə evdə etdiyi müzakirələrin iştirakçısı olub. Mehdiyevin söylədiyi bütün və hər cür qeybəti dinləyib və əzbərləyib. O, Mehdiyevin tökdüklərini birbəbir yığışdırib. Onun danışıdıqları da qaynatasının uydurmalarını, dedi-qodu çərcivəsindən kənara cıxmayan mülahizələrini ictimailəşdirməkdən ibarət idi..
– Bəs onun ağlamağı nə ilə bağlı idi?..
-Onun dedikləri kimi kövrəlməyi də uydurma idi. Bu cür göz yaşlarına inanmaq olmaz. Bu “ağlaşma səhnəsi” mənə çox tanış gəlir. 2004 – cü ildə “Yeni Azərbaycan” qəzetində “Ramiz Mehdiyev nə vaxtdan bəri dövrümüzün mahir tədqiqatçısı və görkəmli filosovu olub?” yazısından sonra Ramiz Mehdiyev də eynən kürəkəni kimi kövrəlib ağlamışdı. Harada, hansı qəbulda, məncə, bunları xırdalamağa heç bir ehtiyac yoxdu. Amma faktdır ki, belə bir ağlaşma səhnəsi olmuş, Mehdiyev üzr diləmişdi.
Təəssüf ki, həmin ağlaşmadan sonra Ramiz Mehdiyev yenə öz iddialarından əl çəkmədi, tutduğu xəyanət yoluna davam etdi. Aqibəti də göz qabağındadır.
-O yazını mən də yaxşı xatırlayıram. Maraqlıdır, məqalədən sonra Mehdiyevin reaksiyası və Sizə münasibəti necə olmuşdu?
– Onun bizə, “Yeni Azərbaycan” qəzetinə münasibəti o yazının çapından çox-çox əvvəl bəlliydi. Cünki “Yeni Azərbaycan” hakimiyyətin təbliğat siyasətindəki yanlışları tənqid edirdi, Ramiz Mehdiyevin nüfuzunu kürəkəninin dediyi kimi, böyük siyasi xadimin nüfuzu kimi yox, adi məmur nüfüzu kimi xarakterizə edirdi.
Bir sözlə, “Yeni Azərbaycan” qəzeti onun baş redaktoru Mehdiyevin iddialarına xidmət etmirdi. Mən sizə o yazının dərcindən sonra rastlaşdığım digər reaksiyalar haqqında deyə bilərəm. Mən onda Milli Məclisin deputatı idim və Mehdiyevi tənqid edən yazının çapından sonra deputat həmkarlarımın əksəriyyəti məndən yan qaçmağa başladı. Deyim ki, mənə qarşı belə ehtiyatlı münasibət uzun müddət davam etdi. Hətta xatırlayıram, Yeni Azərbaycan Partiyasının qərargahında Heydər Əliyevin büstünün açılışı ilə bağlı tədbir keçirilirdi. Tədbirə gələn Prezident Adminstrasiyasının o zamankı ərazi idarəetmə şöbəsinin müdiri, YAP idarə heyətinin üzvü Yusif Hümbətov hamı iləgörüşdü, mənə çatan kimi qəfil dayandı və üzünü çevirib durdu, sanki məni görmədi.
Amma tədbirdən az keçmiş, iş otağma qayıdan kimi Yusif Hümbətov mənə zəng etdi və başladı ki, bağışla, bayaq səni görmədim, sonra gördüm ki, sən də oradasan, sən bilirsən ki, sənin xətrini çox istəyirəm.
Amma reallıq bu idi ki, o mənimlə görüşməkdən qorxurdu, bilirdi ki, dərhal Mehdiyevə bu barədə xəbər çatdıracaqlar. Bax Ramiz Mehdiyev belə bir mühit yaratmışdı. O dövrdə ən cox canfəşanlıq göstərən isə YAP Nizami rayon təşkilatı və onun sədri idi.
YAP Nizami rayon təşkilatının mənə göndərdiyi hədə və xəbərdarlıq teleqramları indi də məndə qalır…