Bir neçə gün öncə Azərbaycan film kinostudiyasına getmişdim. Geyim şöbəsindən paltar seçməli idim.
...Qaranlıq dəhlizin içindən yekə bir hörümçəyin (qorxulu filmlərdə olduğu kimi) üstümə hücum edəcəyindən ehtiyyat edərək səsimi çıxardım. Qapı cırıltısı eşidildi, sonra dəhliz işıqlandı. Süzülən işığın qarşısını qapıdan çıxan biri kəsdi. Hörümçək qorxum uçub getdi. Qadın əlindəki tavanı ağzı üstə çevirib silkələdi, bir neçə damcı su işıqda bərq vurub döşəməyə səpələndi. Geyim salonunu soruşdum, ağzında çeynədiyi tikə olduğundan əli ilə geriyə getməyimi işarə etdi.
Döşəmə, divarlar, divarlardan keçən kabellər düz 30 il öncə olduğu kimiydi. O vaxtın qaynar iş mühiti olan dəhlizə zülmət və qorxu hakim idi.
Geyim salonuna aparan dəhliz nisbətən səliqəli və təmiz görünürdü: yanaşı otaqlar və filmlərdə istifadə olunan geyim və əşyaların qorunduğu sirli məkan. Burada da 30 il əvvəl olmuşdum. O zaman çox böyük, səliqəli, hər filmə aid geyimlər ayrı-ayrı asılaraq muzey əşyası kimi qorunurdu. O zaman kinostudiyanın ən maraqlı yeriydi bura. O paltarlara, əşyalara toxunmaq sirli aləmlərə səyahət etmək kimiydi. Nəzarətçinin gözündən yayınaraq o aləmlərə tez-tez səyahət edirdim...
İndi gördüklərim məni dəhşətə gətirdi. O nəhəng muzeydən yalnız bumu qalıb? Toz basmış, kif kəsmiş əsgər libasları və pis qoxuyan hambal paltarları. Bəs, o vaxtın Avropa geyimləri, bəy, xanların paltarları? İstifadə olunan gümüş kəmərlər, dəbilqələr, qılınclar və s. aksesuarlar hara buxarlanıb?