Son günlər yerli çap mətbuatında və sosial mediada rus dilinə münasibətlə bağlı fərqli düşüncələrin üz-üzə qoyulduğunu müşahidə etməkdəyik. Rusdilli məktəblərin qapadılması ilə bağlı hansısa anonim cağrışların edildiyi gündəmə gətirilir və buna qarşı etirazlar bildirilir.
Məsələnin həddən ziyadə şişirdildiyini vurğulamaqla yanaşı, etirazları anlayışla qarşılayır, müəlliflərinə hörmətlə yanaşıram. Bununla yanaşı, adları açıqlanmayan əks düşüncəlilərə "cahil” deyə müraciət olunmasını da yanlış hesab edirəm. Ola bilər ki, onların hansısa qisminin savadı, siyasi uzaqgörənliyi yüksək və ya yetərli səviyyədə olmasın. Ancaq aşırı və şişirdilmiş hesab etdiyim əks mövqenin yalnız cahilliklə əlaqələndirilməsi obyektivlikdən uzaqdır. Daha doğrusu o olardı ki, xarici dillərlə, xüsusən rus dili ilə bağlı yeni cağırışların səbəbləri təhlil edilsin və onlar, ilk növbədə, Rusiya ictimaiyyətinə dolğun şəkildə çatdırılsın. Bununla bağlı fikirlərimi mətbuatda, sosial mediada ictimailəşdirsəm də, qısa da olsa, təkrarlamağa ehtiyac duydum.
Müasir müstəqillik tariximizdə, xüsusən son 27 ildə ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən hörmət və həssas münasibət danılmazdır. Rusdilli orta məktəblərin silsilə xətt üzrə artımı, Bakı Slavyan universitetinin, Rusiya ali təhsil ocaqlarının filiallarının ölkəmizdəki fəaliyyəti, mədəniyyət günlərinin və dostluğumuzun təbliği həmin münasibətin nəticəsidir. Bu, ona görə mümkün olub ki, dövlətimiz həm tarixi bağlarımıza hörmətlə yanaşıb, həm də müasir Rusiyaya yaxın qonşu və strateji müttəfiq gözü ilə baxıb. Ötən illər ərzində cəmiyyətimizdən gələn ictimai sifariş də rəsmilərimiz tərəfindən gözardı edilməyib.
Bununla belə, son vaxtlar rus dili ilə bağlı gündəmə gətirilən fikirlər və ictimai müzakirə cəhdləri, təəssüf ki, səbəbsiz deyil. 30 ilə yaxındır ki, torpaqlarımızın 20%-i Ermənistanın işğalı altındadır.
Məlum olduğu kimi, ABŞ və Fransa ilə yanaşı, ədalətinə inanmaq istədiyimiz, dilinə və mədəniyyətinə hörmət göstərdiyimiz Rusiya da münaqişənin həllində tərəfsiz vasitəçilik məsuliyyətini öz üzərinə götürüb. Cəmiyyətimiz inana bilmir ki, regionda güc və söz sahibi olan Rusiya, digər nüfuzlu həmsədrlərlə birgə, işğalçı Ermənistanı beynəlxalq hüquqa hörmət göstərməyə məcbur etməkdə acizdir. Beynəlxalq qanunvericilik və tarixi ədalət Azərbaycanın tərəfində ola-ola, ilk növbədə, Rusiyanın bunu edə bilməməsinə ictimaiyyətdə inamsızlıq var.
Təəssüf ki, bunun üçün konkret əsaslar verilir, ədalətsiz davranış nümunələri sərgilənir və insanlarımızın qəlbinə şübhə toxumu səpilir. Cəmiyyətimiz heç cür izah edə bilmir ki, münaqişənin həllində tərəfsiz vasitəçilik etməli olan Rusiyanın böyük bir hərbi bazası hansı səbəbdən Ermənistanın ərazisində yerləşir, işğalçıya vasitəçilik dönəmində on min tonlarla təmənnasız hərbi yardım hansı niyyətlə göstərilir, mütəmadi olaraq genişmiqyaslı birgə hərbi təlimlərin keçirilməsi hansı məqsədləri güdür, işğalçı ilə eyni hərbi blokda təmsil olunmaq tərəfsiz vasitəçiliklə necə uzlaşır?
İnsanlarımızın haqlı narazılığını və etirazını artıran həm də odur ki, şəhidlər verdiyimiz Tovuz təxribatından sonra belə, iyulun 17-dən son günlərə qədər İL-76 -larda Rusiyadan Ermənistana 400 tondan çox hərbi yük göndərilib. Faktlara söykənən bu kimi rəsmi məlumatlar cəmiyyətimizi qıcıqlandırmaya və etirazına səbəb olmaya bilməz. Ölkə ictimaiyyətini düşündürən həm də odur ki, Ermənistanda rus dilinə və rusdilli mediaya qarşı sözün əsl mənasında savaş açıldığı, ölkəmizdə isə, əksinə, rus dilinin az qala ikinci ünsiyyət dilinə çevrildiyi bir şəraitdə, müttəfiq gözü ilə baxdığımız Rusiya seçimini niyə yenə də işğalçının xeyrinə edir?
Cəmiyyətimizdə haqlı olaraq belə bir sual dolaşır ki, sərgilədiyimiz yüksək sayğı da bu seçimin dəyişməsinə gətirib çıxarmırsa, nələr qurban verilməli və nədə güzəştə gedilməlidir ki, vəziyyətdə köklü dəyişikliyə və ədalətli yanaşmaya şahidlik etsin? Torpaqdırsa, bu, mümkün deyil. Suverenlikdirsə, o da mümkünsüzdür. Cəmiyyətimiz bu sualın cavabını tapa bilmir. Bu səbəbdən bəziləri ifrata varıb düşünürlər ki, bəlkə Ermənistandakı kimi, bizdə də rus dilinə "savaş” açılsa, narazılıq açıq ifadə olunsa, vəziyyət dəyişə bilər. Təqdir edilib-edilməməsindən asılı olmayaraq, anonim və ya ünvanlı olmasına baxmayaraq, bu cür düşüncələr var. Həqiqət ondadır ki, onların böyüməməsi üçün fərqli münasibətə, ən azından tərəfsiz, ədalətli yanaşmaya şahidlik etməliyik...