ABŞ-ın məşhur "Vaşinqton Tayms" qəzetinin 7 sentyabr sayında "America and Western allies must push back against Russia's assault on its neighbors" ("Amerika və Qərb müttəfiqləri Rusiyanın qonşularına qarşı hücumlarına müqavimət göstərməlidir") adlı məqalə dərc olunub. Müəllif Pol Miller məqalədə Azərbaycan üçün də önəmli olan məqamlara toxunub. Axar.az Musavat.com-a istinadən sözügedən yazını təqdim edir: "Rusiyanın Belarus üzərindəki nüfuzunun genişlənməsi Moskvanın ABŞ-a siyasi müdaxilə cəhdlərinin və Amerikanın xaricdəki qüvvələrinə qarşı fəaliyyətlərinin davamıdır. Bu hadisələr son 20 ildə Rusiyanın siyasətini müşahidə edən heç kəsi təəccübləndirmir, çünki Rusiya yaxın qonşuluğunda eyni hibrid üsullardan istifadə edir. Rusiya siyasi təxribat, birbaşa hərbi əməliyyat və enerji (əsasən təbii qaz) təchizatı sahələrində manipulyasiya edərək qonşularını zəiflətməyə və öz əhatə dairəsinə çəkməyə çalışır. Görünür ki, bu həm Moskvanın post-imperiya həsrətindən, həm də keçmiş Sovet respublikalarının Qərbə yaxınlaşması ilə bağlı Rusiyanın açıq-aydın paroniyasından qaynaqlanır. Moskva üçün qonşuların hər hansı bir müstəqillik əlaməti Qərbin mühasirəsinin sübutudur.
Bu yaxınlarda Rusiya qardaş ölkə olan inadkar Belarusu iflas ssenarisinə sürükləməyi bacardı. Kremlin müəyyən etdiyi normadan artıq Qərblə yaxınlaşan Belarusun eksentrik Prezidenti Aleksandr Lukaşenkoya dərs vermək əzmində olan Moskva müxalifəti sakitcə dəstəkləmiş, bununla da gözləndiyi kimi, Lukaşenkonun mübaliğəli və Qərbin eyni dərəcədə güman edilən reaksiyasına səbəb olmuşdu.
Lukaşenkonun Moskvaya tamamilə təslim olması ilə hakimiyyətdə qalmasından və ya müxalifətə növbəti seçkilərdə güzəştə getməsindən asılı olmayaraq, Rusiya Belarus üzərində tam nəzarəti effektiv şəkildə geri qaytarmaqla və SSRİ-2 layihəsini yenidən işə salaraq qalib gəlir. Hadisələrin bu dinamikası digər postsovet dövlətləri üçün xəbərdarlıq təşkil edir.
Moskva bütün üsullardan istifadə edərək dünyanın strateji regionlarından olan, Rusiyanın ən müstəqil qonşusu Azərbaycana təzyiq göstərməyi qərara alıb.
İyul ayında Moskvanın itaətkar müttəfiqi və regiondakı əlaltısı Ermənistan tərəfindən Azərbaycana qarşı sərhəd hücumu Avropa və Asiyanı birləşdirən enerji və nəqliyyat yollarının keçdiyi ərazidə baş verdi. Bu dəhlizlərin Rusiya və İrandan keçməyən yeganə xətlər olması Rusiyanın qonşularına müdaxiləsinə geosiyasi çalar qatır.
Bu hadisələr Xəzər dənizi qazını Avropaya çatdırmaq və əsas regional enerji bazarı olan Türkiyəyə qaz tədarükçüsü kimi Rusiyanı əvəz etmək iqtidarında olan Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan tərəfindən tamamlanması ilə üst-üstə düşdü. Qeyd olunmalıdır ki, bu, həmçinin İranın Türkiyəyə qaz təchizatının kəskin dərəcədə azalmasına təsadüf etdi.
Azərbaycan mediasında iyul ayında hərbi əməliyyatlar zamanı və sonrakı həftələrdə Ermənistana Rusiya silahlarının daşınmasını əks etdirən xəbərlər yayımlandı.