Son vaxtlar Livandan Azərbaycanın işğal edilmiş torpaqlrına köçürülən ermənilərlə bağlı görüntülər yer almaqdadır. Maraqlıdır, müharibə olacağı təqdirdə Ermənistan hökuməti bu ermənilərdən sosial baza və canlı qüvvə kimi istifadə edə bilərmi? Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu ehtimalı istisna etdiyini bildirdi: “Livan və digər ölkələrdən işğaldakı Azərbaycan torpaqlarına köçürülən şəxslərdən Ermənistanın sosial baza kimi istifadə etməsi mümkün deyil. Çünki bu şəxslər bədəxt, kimsəsiz və aldadılmış insanlardır. Ermənistan bu insanları aldadaraq, onlara müxtəlif vədlər verərək bu torpaqlara gətirib. Livanda Qərblə əlaqəsi olan ermənilərin hamısı Qərbə üz tutmaqdadır. Qarabağa isə ancaq arxasız, Qərblə əlaqəsi olmayan azsaylı erməni gətirilib. Hansı ki, onlar elə ilk mərmi sədasını eşidən kimi qaçıb gedəcəklər. Ermənistanı bu kimi addımlarla xilas etmək mümkün deyil. Bu gün Ermənistanın öz vətəndaşları ölkələrini tərk edərək xarici ölkələrə üz tuturlar. Çünki onlar anlayırlar ki, Ermənistan siyasəti və dövləti məğlubiyyətə məhkumdur”.