Prezident İlham Əliyev Qazax rayonunda avtomobil yolunun təmiri ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda Fərəhli avtomobil yolunun təmiri üçün büdcədən 2,2 milyon (iki milyon iki yüz min) manat vəsait ayrılıb. Dövlət baçısı regionlarda yaşayan sakinlərin rifahını, sosial qayğılarını hər zaman diqqətdə saxlayır. Fərəhli avtomobil yolunun təmiri də bu qayğının növbəti bariz nümunəsidir. Bu yolun təmiri ilə yerli əhalinin rayon mərkəzinə və digər ünvanlara rahat hərəkəti təmin olunacaq.
Bu barədə millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov dövlət başçısına seçicilər adından minnətdarlığını bildirib.
Komitə sədri sözügedən Sərəncamın həm də şəhidlərimizin ruhuna bir ehtiram olduğunu bildirib: “Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaq”.
Millət vəkili qeyd edib ki, bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim düşmənin hədəfindədir: “Qazağın Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağındadır. Rayon ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Tovuz istiqamətində gedən döyüşlər zamanı Qazax rayon Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olub”.