Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin həbsdə olan üzvü Tofiq Yaqublunun müdafiəsi üçün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə Azərbaycan Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, Milliyyətçi Demokratlar Partiyasının sədri İlyas Abdullayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, politoloqlar Ərəstun Oruclu və Hikmət Hacızadə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:
Cənab Prezident,
Biz, bu müraciəti imzalayan siyasi partiya və hərəkat rəhbərləri rəhbərləri, politoloqlar bildirirk ki, 22 mart 2020-ci il tarixində avtomobil qəzası zamanı baş vermiş “mübahisə”yə görə saxlanılaraq, haqqında 3 ay həbs qətimkan tədbiri seçilmiş Qarabağ qazisi, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Məhkəmə qapalı şəraitdə keçirildiyinə görə, vəkillərin verdiyi məlumat əsasında deyə bilərik ki, məhkəmə prosesi zamanı nə onların, nə də təqsirləndirilən şəxs olaraq Tofiq Yaqublunun vəsatətləri nəzərə alınmamış, eləcə də istintaq məhkəməyə əsaslı sübut və dəlillər təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə saxta şahidlərin ifadələri əsasında Tofiq Yaqubluya 4 il 3 ay azadlıqdan məhrumetmə cəzası vermişdir. Odur ki, biz bu müraciəti imzalayan siyasi partiyalar və hərəkatlar elan edilmiş məhkəmə hökmünü ədalətli hesab etmir, onun əsaslandırılmadan və qanunsuz qəbul olunduğunu bəyan edirik.