Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı 1 milyon manata yaxın dələduzluğun qurbanı olub.
Pravda.az xəbər verir ki, Bakıda fala baxmaq adı ilə xüsusilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib. Cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Reyhan Əvəz qızı tanınıb.
Qeyd edək ki, bu ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli-miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində "İnstagram” sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb.