Yeni Azərbaycan Partiyasındakı böhran hər gün daha da dərinləşir, özünü “köhnə qvardiya”nın üzvü hesab edən şəxslər hazırda ağır psixoloji sarsıntılar keçirirlər. Hesab edirlər ki, YAP-ın qurulmasında və təşkilatlanmasında onların böyük əməyi var, ömürlərinin böyük hissəsini partiyada keçiriblər, ona görə də onlara kimsə toxunmamalıdır və ölkədə bütün sahələr üzrə aparılan islahatlar hakim partiyadakı bu şəxslərin toxunulmazlığına kölgə salmamalıdır. Pravda.az xəbər verir ki, Azsiyasət.com-a daxil olan məlumatda Siyavuş Novruzovun YAP İcra katibinin müavini vəzifəsindən kənarlaşdırılmasından sonra partiyada ciddi konfliklər yarandığı qeyd edilib. Mənbə bildirir ki, S.Novruzovun işdən çıxarılması gözlənilməz olub. Belə ki, S.Novruzovun mobil telefonuna zəng gəlib, partiyadakı vəzifəsindən azad edildiyi bildirilib və ondan qərargahı dərhal tərk etməsi tələb olunub. Məhz bundan S.Novruzovun halı dəyişib, bütün əşyalarını yığışdırıb və kollektivlə vidalaşaraq bu sözləri deyib: “Mən partiyanı özümə əsas evim bilirdim”.
Mənbə bildirir ki, YAP-ın mərkəzi qərargahının əməkdaşları arasında hər gün dava-dalaş gedir. Xüsusilə də, mərkəzi qərargahın 63 yaşlı əməkdaşı Misirxan Vəliyev “üsyankarlıq” edərək YAP-da islahatların aparılacağı ilə bağlı səslənən iddialara öz etirazını bildirir. Uzun illərdir hakim partiyanın milyonlarla pula başa gələn uğursuz “trol siyasəti”nin bir parçası olan bu şəxs mərkəzi ofisdən uzaqlaşdırılacağı təqdirdə patiya rəhbərliyinə qarşı ictimai formada açıq müqavimət göstərəciyini də qeyd edir. Hətta mərkəzi qərargahın əməkdaşları bir-birilərini açıq şantaja keçiblər.
Mənbə bildirib ki, “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin sədri Cavid Qurbanov hakim partiyanın yap.org.az saytına qeyri-rəsmi 5 min manat pul verir. Sayta nəzarəti isə YAP-ın mətbuat katibi Hüseyn Paşayev həyata keçirir.