Yeni Azərbaycan Partiyası haqda indi hamı danışır. Çox heyf!!! Bəli, çox heyflər ki, partiyanın formalaşmasında və inkişafında az əmək sərf etmədik. Əli Nağıyevlə birlikdə ölkənin yollarında canımız çıxdı, kəndbəkənd dolaşdıq, insanlarla yaxın təmas quraraq partiyanın məqsəd və vəzifərini izah edər, Partiyanın lideri Heydər Əliyevin tövsiyyə və məsləhətlərini onlara çatdırardıq. YAP-ı öz doğmamız bilərdik. Əleyhinə danışanlarla barışmaz, savaşa qalxardıq. Bu doğmalıq partiyanın qurulmasında əməyi olan hər kəs üçün siyasi amala, prinsipial və dönməz mübarizə əzminə çevrilmişdi.
Göydə Tanrım, yerdə birlikdə yuxusuz gecələr keçirdiyimiz və partiyaya ömrünü qoymuş Əli Nağıyev mənim də çəkdiyim əziyyətlərə şahid olmuşdu. Hər gün saat 8-ə qədər işləyərdik. Evə çatar-çatmaz zəng edərdi ki, "geri qayıt, Prezidentin tapşırığı var". Sadəcə söz xatirinə demədim ki, Əli Nağıyev YAP-ın yolunda ömrünü qoyub. Canını, ürəyinin nəfəsini qoyub... İndi çəkilib bir qırağa heç nəyə qarışmır. Yəqin baxır, sağa-sola qorxur. Mənlə danışmağa da ehtiyat edir.