2004-cü ilin soyuq yanvar günləri... Böyük Heydər Əliyevin siyasi rəqiblərinin nəzərində “kövrək hakimiyyət”in, səhhəti ilə bərabərlik və məchulluq işarəsi qoyulan Azərbaycan dövlətinin gələcəyini xilas edən oğul Əliyev birinciliyi qazanandan cəmi 3 ay sonra ilk vədini yerinə yetirməyə qərar verir. Prezident komandasına bəyan edir ki, o, 90-cı illərin əvvəllərində iki hakimiyyətin süqutuna səbəb olan (indi 27 illik susqunluqdan sonra hər qarış torpaq uğrunda savaşına sənədli şəhadətlər verən) səhra komandiri Surət Hüseynovu, ardınca separatçı Ələkrəm Hümmətovu və rusiyalı nazir Pavel Qraçovun milli əlaltısı Rəhim Qazıyevi həbsdən azad edəcəkdir.
O zamanadək Təhlükəsizlik Şurasının məxfi iclaslarında xeyli təlatümlü dövlətlərarası, yaxud daxili gərginlikləri müzakirə edən keçmiş-yeni komanda üzvləri Əliyevi ehtiyatla bu yoldan çəkindirməyə çalışır. Hələ üstəlik, birinciliyə gələn kimi, Laçın Cavadovun - bir vaxtlar Qarabağ uğrunda döyüşlərdə ordu birləşmələri ilə eyni səngəri bölüşən Xüsusi Təyinatlı Polis Dəstəsi başçısının, yüksək status, ad və şöhrət qazanan, sonralar xarici qüvvələrin əli ilə kövrək dövlətçiliyin üzərinə qaldırılan Rövşən Cavadovun didərgin düşən oğlunun Bakıya, babasının dəfninə gəlişinə - bir sözlə, düşmənçiliyin aradan qalxmasına göstəriş verilir. Kimsə bu jestə XTPD başçısının qiyamına baxmayaraq, vətən qarşısında xidmətlərinə Əliyevin müsbət dəyər verməsi də saya bilərdi.
Amma o dövrün ictimai-siyasi mühitində həbsdə sabiq yüksək dövlət adamlarını buraxmaq, bu yolla cəmiyyətə barış gətirmək və hakimiyyətin güclü olduğunu göstərmək çox risqli addım sayılırdı. Nazirlərdən biri açıq şəkildə qarşıdakı illərdə yeni toqquşmaların qaçılmaz olacağını, həmin adamların yenidən başağrısına çevriləcəyini dilə gətirmişdi. Aparatda hökm sürən qeyri-müəyyənliyi Əliyevin dəmir məntiqi, özünəməxsus inadı ortadan qaldırır.
Prezident tarix boyu Qafqazlara yaxın-uzaq xaricdən ixrac olunan konfliktləri əsas hədəfə çevirmək və milli birliyi gücləndirmək üçün ilk növbədə, daxili düşmənçiliyi-fərq etməz, o tayfa, etnik, milli səciyyə daşıyır, yoxsa uğursuz hərbi əməliyyatların, kürsü uğrunda vuruşmaların hesabına meydana çıxıb, onları əvf etməyə çağırır. O, yeni Azərbaycan dövlətini qurarkən əsrlərlə bir-birini əvəz edən, süqut və itkilərə səbəb olan ənənələri durdurmaq naminə güclü iradəyə malik olduğunu göstərmək istəyir.
Gerçəkdən də, ata Əliyevin yeri gələndə məcburən əl atdığı sərt cəza tədbirləri artıq öz bəhrəsini verib, sabitlik dönməz xarakter alıb və indi insanların, eləcə də Qərbin, ilk neft tranşını qəbul edən Avropa dövlətlərinin dəstəyini qazanmaq üçün prezident hamının güvənəcəyi, o cümlədən, dünənki müttəfiq respublikalar - Ukraynada inqilabla hakimiyyətə gələn Yuşşenko, Gürcüstanda Saakaşvili ilə eyni ideallara malik olduğunu sübut etməyə çalışır. Hər kəs 90-cı illərdə hərbi-silahlı qruplara başçılıq edən məhbusların-Elçibəy hakimiyyətini silkələyən adamların azadlığa çıxaraq adi həyatda zəifliyini görüb ölkə başçısının düzgün qərar verdiyinə, milli təhlükəsizliyin sarsılmazlığına qəti inanırlar.
O zamanlar Bakını açıq-gizli səfərlərə qərq edən rəsmi Vaşinqton təmsilçiləri Riçard Armitac, Barri Lovenkron, Daniel Frid, Devid Kramer, bir qədər sonra britaniyalı nazir Cek Stro və başqaları bir-birinin ardınca demokratik inkişaf yolu seçən bir müsəlman ölkəsini keçmiş sosialist respublikalarına nümunə göstərirlər.Yəqin, ona görə ki, Birləşmiş Ştatların o vaxtlar regionda aydın siyasəti vardı. Çox sonralar Rino Harnişdən elçi mandatını qəbul edən xanım Ənn Dörsi həmin prinsipləri aydın şəkildə dilə gətirmişdi.Ağ Ev strateqləri regionun hər an destabilizə olacağını nəzərə alıb birinci yerə düzgün olaraq, təhlükəsizliyi qoymuşdular.Ondan ötrü Əfqanıstanı əsas gətirib üç Qafqaz ölkəsinin ordularına NATO dərslərini keçir, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində Nasosnı hərbi aerodromuna 37 milyon dollar xərc çəkib ehtiyat arxa dəhliz yaradırdılar.
Vaşinqtonun sonrakı planları enerji ilə bağlı idi, yalnız sonda demokratiya, insan haqları sahəsində hədəflər gəlirdi. Lakin bütün sovet məkanını yenidən fəth etmək, bolşevik mirasını dağıdıb yerində tam birqütblü-Qərbyönlü üsul-idarə qurmaq üçün bir-birinin ardınca baş qaldıran sui-qəsdlər və təxribatlar hakimiyyəti özünümüdafiəyə məcbur etdi.
Diqqət edin, Əliyev idarəçiliyi əfv və milli barışdan başlamışdı, lakin onu strateji hədəflərindən çəkindirmək üçün gündəliyi dəyişdirdilər.
Qarabağdan Bakıya - yerini dəyişən atəş səsləri...
İlham Əliyevin prezidentliklə əksər hallarda uzlaşmayan səmimi obrazına, ədalətli hökmdar baxışlarına qarşı ilk atəşi Laçın Cavadovu aradan götürməklə cavab verdilər. Hətta ən naşı adamlar belə qətlin iqtidara necə zərbə vuracağını yaxşı başa düşürdü.Revanşist planlarına görə bütün mühacir həyatı boyu hakimiyyətə nifrinlər yağdıran, hər an xarici orduların üzərində Bakıya daxil olacağını bəyan edən Mahir Cavadov belə zəhərlənərək öldürülən qardaşı oğlunun cəsədini iqtidarın üzərinə atmadı. O, tanınmış müxalifyönlü jurnalist Arzu Abdullaya müsahibəsində deyir: “Laçının xaincəsinə öldürülməsi ilə nəinki mən, hətta hakimiyyət tərəfdarları da barışa bilmədilər”.
Ardınca inqilab üçün qurbanların daha səsküylü üzvlərinə “növbə” çatdı. İlk baxışda, Qarabağda atəşkəs idi, lakin daxildə səssiz müharibənin düyməsi basılmışdı.”Monitor” jurnalı 2003-ci il seçkilərində məğlubiyyətə uğrayan və “Azadlıq” meydanını döyüşlə qaytarmağa can atan “milli demokratlar”ın pərən-pərən düşmüş xaotik kütləsinin açıq-gizli körüklədiyi tribunaya çevrildiyinə görə daim müxtəlif nazirlərlə, yaxud iqtisadi mənfəət qrupları ilə toqquşurdu və artıq xarici məxfi dairələrin hədəfinə gəlmişdi.Onun hər sətri “Marselyoza” sədaları altında Bastiliyanı tutan üsyançıların davamçısı ruhunda özünü aparan jurnalist Elmar Hüseynovun inqilabi vərəqələrini ona qarşı xain əməliyyata “əsas”a çevirdilər.
Qələmə qarşı atəş açıldı.O qanlı aktdan sonra media kapitanlarından biri yazmışdı ki, 90-cı illərin qorxusunu indi “blok sindromu” əvəz edib. Doğru müşahidə idi. Evinin kandarında amansız gülləyə tuş gələn Elmarın ölümü təkcə “qorxulu Bakı”da deyil, dünyada böyük əks-səda doğurdu. Amerika Dövlət Departamenti onu “demokratiya və azad mətbuat üçün böyük itki” adlandırırdı. Əlbəttə, Vaşinqton haqlı idi. Lakin ilk neft pullarının hökumətdə məmur burjuaziyasına, yoxsa, xariclə hesablaşmağa gedəcəyinin hesabını aparan beynəlxalq müdafiə və hücum təşkilatları olayı Azərbaycan dövlətinin-bəli, məhz dövlətinin üstünə atıb ondan 2005-ci il parlament seçkilərində qanunverici hakimiyyəti bölmək şansıtək istifadə etdilər.
O vaxtlar cəmi iki illik rəhbərliyi dövründə Qərb diplomatiyasının sərt üzü və pafoslu deklarativ idealları arxasında gerçək iqtisadi-siyasi mənfəətləri üçün çalışdığını görən Əliyev hamıdan çox bu güllələrin onun strateji kursuna, sabitliyə və geopolitik seçiminə atıldığını yaxşı bilirdi.Dövlət başçısı “hadisədən sarsıldığını” söyləyərkən bizim ölkəni jurnalistlərin hər gün öldürüldüyü Eritreya ilə bir sıraya qoymağa çalışanları qarşısında görüb demişdi: ”bu ləkəni Azərbaycanın üzərindən götürməliyik”.
Təəssüflər olsun, kim bilir, bəlkə də öz adı ilə çağırılması mümkün olmayan və müxtəlif qara əllərlə izi itirilən terrorun məhz siyasi yolumuza, müstəqilliyimizə atılan güllələr olduğuna günün birində hamı əmin olacaq.Çünki izi itirmək üçün də hansısa izlər qalır...Bax onda günahkar axtarışı duracaq və “rejimin qəddarlığı”ndan bəhs edən, müxtəlif titullu adlarla Elmarın irsini istismar edənlərin sırasında elə əsil suçlular cavab verəcəklər.
Elmarın cansız cəsədini atası Sabir kişidən alıb onu küçə-küçə, şəhər-şəhər gəzdirmək istəyən və eynən 92-ci ildə olduğu kimi Şuşadan Xiyabana gətirilən şəhidlərin üzərindən Ali Soveti fəth edənlər bu dəfə də Qış sarayına qanuni yolla deyil, millətin qan yaddaşını istismar edərək gəlmək fikrindəydilər. Olmadı. Plan işləmədi. Sabir Hüseynov onu qəlb ağrısı ilə Sarayda qəbul edən “Birinci şəxs”in övlad itirmiş ataya ehtiramını və yanğısını görüb ölkəsini tonqala atmaq istəyənlərin fitvasından uzaq durdu.
Bəli, Ukraynada jurnalist Georgi Qonqadzeni narıncı inqilab üçün seçən əllər neft Bakısını vətəndaş müharibəsinə sürükləyə bilmədilər.
2005-ci ilin siyasi lövhəsi: demokratiyanın rəngi...
Əliyev 21-ci əsrin ilk parlament seçkilərini Amerika və ATƏT-in tələb etdiyi standartlarla keçirəcəyinə dair inamlı və cəsarətli “Siyasi Islahatlar Bəyənnaməsi”ni imzaladı. Bütün ölkə yenidən iki cəbhəyə-dövlətçilər və revanşistlərə bölünərkən iqtidarın yuxarı eşalonlarında yeni qovğalar meydana çıxdı. Fərhad Əliyev, Əli İnsanov adlı iki çəkili nazirin saray ambisiyalarına dair şifrəli dosyeləri prezidentin masası üzərinə qoyularkən daşlar yerindən tərpəndi. Bu artıq tarixdən ən adil hökmdarı belə qəti və sərt cəza tədbirinə məcbur edən fərqli idarəetmə sınağı idi.
O qədər dostluq, çörək və etibar, mərdlik və xeyirxahlıq duyğuları ilə siyasi birinciliyə gələn İlham Əliyev bunları həzm edə və bağışlaya bilərdi, lakin qoca Şərqin öyrəşdiyi rəhbər obrazı sərtlik tələb edir axı. Əks halda komandada biriliyi qorumaq sadəcə mümkün deyildi. Çevrəsini, əsil siyasi dayaqlarını hələ qurub başa çatdırmamış, Namiq Abbasov, Əli Nağıyev və üsyankar Sirus Təbrizlini ram etməmiş İqtisadi İnkişaf nazirinin rusiyalı liberal iqtisadçı Qaydarcasına tərtib etdiyi “islahatlar paketinə və antiinhisarçılıq platforması”na bürünən itaətsizlik hərəkatını zərərsizləşdirmək gərək oldu. O cümlədən hakim partiyanın qurucularından və uzun illər qərbi azərbaycanlıların “xaç ata”sı statusuna iddiası ilə öndər Əliyevdən sonra daha yuxarı kürsülərə göz dikən İnsanovla bağlı qapılar arxasında gedən gizli danışıqları bilən rəhbər təkcə ona sədaqət andı içənlərin deyil, eləcə də Moskva, Vaşinqton və Brüsselin planlarını deşifrə edib addımlarını səbrlə seçkilərdən sonraya saxladı. Lakin o, demokratiyanın hər xarici paytaxta görə dəyişən rəngini bir də heç vaxt unutmadı..
Parlament yarışına Fərhad Əliyevin 62 nəfərlik siyahısı ilə gedən, yəni, xalq hakimiyyətinin yarısına iddia edənlər ifşa edilincə, meydanda yalnız iki qüvvə qaldı - siyasi vasilik tərəfdarları və məxməri inqilabçılar... Əslində, narıncı libaslıların vəd etdiyi gələcək ənənəvi torpaq itikləri və xaosdan başqa bir şey deyildi. “Azadliq bloku”nun hakimiyyətin administrativ resursları qarşısında efir məkanından bütün bölgə narazılarını səfərbər etməsinə, xaricdən inqilab sponsoru-milli sorosumuz Rəsul Quliyevin Ukrayna hava limanına qədər gətirilməsinə baxmayaraq, rəngli devriliş layihəsi iflasa uğradı.
Doğrudur, amansız rəqabət sayəsində Milli Məclisin tərkibi çox da güclü yerli liderlərlə zənginləşmədi, amma ADP sədri Sərdar Cəlaloğlunun çox sonralar haqlı olaraq dilə gətirdiyi “bir fraksiya”dan artıq-35 nəfərlik heyətlə təmsilçiliyə çatacaq qədər yerlərə razı olmamaları “milli demokrat”ların ölkədə düşmənçiliyə, qara ittihamlara keçidini təmin etdi və sonrakı illər maksimalist iddiaları, inkarçılıq ideologiyaları ilə əks cəbhə tam yarımqapalı qeyri-leqal rejimə keçdi.
Təşkilati dayaqlarını və beləliklə, funksionallığını itirən liberal demokratik düşərgədə-müxalif partiyalar ətrafında xarici maliyyə qaynaqlarından məhrum edilmə tədbirlərinin görüləcəyi artıq zaman məsələsi idi. Lakin 2006-cı ilin oktyabrında iki qiyamçı nazirin həbsi digər ölkəiçi hadisələri kölgədə qoydu, müasir Azərbaycan tarixinin ən böyük dərslərindən birinə çevrildi.
Saray müxalifətindən çəkilən güclü əllər və Gəncədən Tiflisə açılan xilas yolu...
Doğrudur, çox sonralar Wikileaks-in qurucusu Culian Assanc dünyanın bir nömrəli kəşfiyyat “anbarı”nı aləmlə bir edəndə gözlərimiz önündən qaranlıq pərdə çəkildi, buradan gedən surquclu məlumatlar arasında Britaniya Xarici İşlər naziri Cek Stronun nə üçün Amerikanı Fərhad Əliyevin yerinin Londona dəyişdirilməsi və orada sığınacaq verilməsini təmin etməsi üçün rəsmi Bakı ilə vasitəçilik missiyasına dair xahişlər yer alır, Ağ Evin tərəddüdlərini gördükdən sonra onlar da “azərbaycanlı nazirə mühacirət” layihəsindən əl çəkirlər. Bunları biz sonralar biləcəkdik. Amma bəsirət gözü siyasətçinin bir nömrəli atributudur.Artıq hakimiyyət olimpində qəti dayanan Əliyev Qərbin, Rusiyanın, İranın casus şəbəkələrinin partiyalardan 3-cü sektora və mediaya doğru həmlə etdiyini görüb taktiki planlarında dəyişiklik edir.
Hadisələrin dramatizmi əlbəttə, burada qeyd olunanlardan daha gərgin və mürəkkəbdir. Bir yandan da Rusiya XİN-nin müavini Kislyak özü ilə çoxməchullu bir planla Qəbələ RLS-Dəryal informasiya Mərkəzini ABŞ-la birgə istismar edəcəklərinə dair rəsmi Bakıya qapalı qovluq gətirir və beləliklə, daxili sarsıntıların üstünə əlverişli coğrafi bölgə uğrunda savaşın gərginliyi də əlavə olunur. Xəzər akvatoriyasının zəngin ehtiyatlarını qazıb çıxaran və milyardlarla dollar fayda götürən BP, Amoko, UNOKAL və Penzoil şirkətlərinin fəaliyyətindən onsuz da İranda rahatsız idilər, indi Tehran bir yandan da Qəbələyə gələcək Amerika komandoslarını süngü ilə qarşılamağa hazırlaşır.
Dövriyyəyə daxil olan səfir, çevikliyi ilə həmkarlarından seçilən xanım Ənn Dörsi İlham Əliyevdən xahiş edir ki, İran prezidenti Əhmədinecatın gözlənilən səfərinin təxirə salınmasına, olmadıqda onunla görüşə xüsusi rəsmiyyət və təntənə verilməməsinə çalışsın.Heyrətamiz diplomatik gedişdir, deyilmi? Partiya sədrləri üçün əsil geosiyasət dərsliyidir. Əlbəttə, məqsəd aydındır, artıq dünya bazarlarına çıxan Xəzər neftinin gətirdiyi milyardlar Azərbaycanı gücləndirdikcə Avropa qurumları, bəzən onların libası altında qonşu dövlətlər onsuz da zəif müxalifət və deşifrə olunmuş təsir agentləri müqabilində İlham Əliyevin xarici siyasət manevrlərini gücləndirəcəyinə heç bir şübhə yerləri qalmır.
Gəlin, o dövrün sürətlə dəyişən iqtisadi göstəricilərinə bir də baxaq: müharibənin yaratdığı və sovetlərin dağılması ilə humanitar fəlakət yaşayan Azərbaycan 2007-ci ildə neft gəlirləri hesabına ÜDM-i görünməmiş həddə, 25 faiz səviyyəsində artmağa başlamışdı.Belə böyük gəlirlər fonunda Norveçdə uğurla sınaqdan çıxan Dövlət Neft Fondunun yaradılması, 5 milyard dollara çatan valyuta rezervlərini xaricdə şəffaf idarə etməyə başlaması, büdcənin hər il bir milyard manat tempilə artması, regionlarla-paytaxt arasındakı kəskin qeyri-mütənasibliyin aradan qalxması, daim sosial partlayış potensialı daşıyan qaçqın və şəhid ailələrinin təbii sərvətlərdən faydalanması həm sosial ədalət, həm də xarici güclərin getdikcə artan təsiri qarşısında kütlədən zireh çəkməyə imkanlar açırdı.Ona görə də 2008-ci ilin barıt qoxulu avqust günlərində Rusiya və Gürcüstan arasında meydana çıxan 5 günlük müharibədə-Qafqazda yenidən alovlanan savaş zamanı İlham Əliyev onlarla dövlətin Moskva qarşısında qorxub gizlənməsinə rəğmən, Saakaşviliyə köməyə gedən bir neçə dövlət-hökumət başçısına Azərbaycan üzərindən uçuş zolağı, Gəncə hava limanına enişə icazə, ardınca da onları böyük maşın kartejinin müşaiyəti ilə Tbilisiyə daxil olmaq üçün əsilzadələrə xas qorxmazlıq nümayiş etdirmişdi.Əksini təsəvvür edə bilirsizmi, yəni, hadisələr bir ayrı şəraitdə Qarabağ hərbi rayonunda silahlı eskalasiyaya keçsəydi, Türkiyə rəhbərindən başqa daha hansı liderin oxşar yardıma gedəcəyi sual altındadır.
Əliyevin bir vaxtlar Cavad xanın Tiflisə açdığı xilas yoluna bənzər comarədliyi isə gürcülərin yaddaşında tarix boyu yaşayacaq..
Hələ üstəlik, telefonu götürüb, baş nazir Putinə “atılan bombaların Batumidə Ceyhana gedən neft kəmərlərini hər an zədələyə biləcəyi”ni dilə gətirməyə kimsə cürət etməzdi, çünki bu faktiki olaraq, gürcü-rus müharibəsinin tərəfinə çevrilmək demək idi. Kremlin qəzəbi və Qərbə gedən yolları bağlamaq istəyi “cəmi 4 saata tuta biləcəyi” paytaxt Tbilisi qədər ona yaxın idi və beləliklə on illərlə qurulmuş iqtisadi-siyasi və energetik arteriyalar bir anda qapanıb Cənubi Qafqazı “barıt çəlləyi”nə çevirərdi. Saakaşviliyə inansaq, Kremldə qalstukundan tutulub küncə sıxılan Fransa lideri Sarkozinin düşdüyü vəziyyət bağlı qapılar arxasında əsil siyastin nədən ibarət olduğunu anlamağa imkan verir.
Əliyev regional xilaskar kimi 2008-ci ilin seçkilərini qətiyyətlə qazandı, ardınca referendum keçirib prezidentlik müddəti ətrafında dövlətçiliyin qeyri sabitliyinə xidmət edən planların, ətrafında gizli mərkəzlərin və müxtəlif iqtisadi-regional qrupların xəyallar qurduğu Konstitusion müddəaların( prezidentlik müddəti üçün məhdudiyyətlərin ləğvi) dəyişilməsinə nail oldu və artıq xeyli müddətdir onunla xarici radiolar və 3-cü sektorun diliylə danışan avrokomissarlara şərtlərini irəli sürdü. Azadlıq, Amerikanın səsi və BBC kanalları, eləcə də Milli Demokratiya, Respublikaçılar, Açıq Cəmiyyət institutlarının inqilab dərslərini, məşqlərini, praktiki təlimlərini alan və bununla da Brüssel, Vaşinqtonun onları müdafiə etdiyini hər addımda gözə soxan qüvvələrin propoqandası, eləcə də Moskva və Tehranın təzyiqləri qarşısında Qərblə müxtəlif platformalarda yaxınlaşma siyasətinin qiymətləndirilməməsinə cavab olaraq, ilk böyük “qapanma” qərarı verildi.
O günlər Ağ Ev təmsilçiləri Freedom House, Amnesty İnternational, Human Rights Watch və digər təzyiq qrupları vasitəsilə Azərbaycanın yerini hər il on pillə aşağıladıb faktiki olaraq, onu geriqalmış Afrika ölkələri ilə bir tutmaqla demokratiya ixracının ən mühüm platsdarmına, çevriliş ünvanlarından birinə çevirdilər. Dövlət katibi xanım Klinton dünyaya səsləniş nitqində əlifba sırası ilə A-dan Z-yə, bəli, Azərbaycandan Zimbabveyə qədər onların qlobal maraq dairəsinə daxil olduğunu və fərqli qitələrə azadlıq bayrağını sancacaqlarını söyləməsi cəmi bir ovuc ölkədaxili liberal-antisistem qüvvələrini xeyli ürəkləndirmiş, gələcək “ərəb baharı” dalğasında inamla Atlantik okeanından gələn səslərə qulaq verməyə fürsət açmışdı.Qafqazları “demokratiya laboratoriyaları”nda hazırlanan reseptlərlə idarə etməyə cəhd göstərmək isə tarix boyu regionu ən azı 4 imperiyanın-fars, rus, ingilis və osmanlının bölgə uğrunda müharibələrindən dərs almamaq demək idi.
Əliyev o günlər tez-tez Abşeron sahillərində qəbul etdiyi avroçinovniklərə yetərincə aydın mesaj vermişdi: Rusiya televiziyalarının bağlandığı kimi, xarici yayımların ölkə içində az qala sovetlərə qarşı ideoloji hücum silahına çevrilən məlum “üçlüyə” yalnız bərabər şərtlər daxilində icazə veriləcək, eləcə də Yuşşenkonun, yaxud Saakaşvilinin öz siyasi rəqiblərinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra onları Strasburqda, yaxud Brüsseldə qətiyyən kimsə mühakiməyə qalxmırsa, qərarvermədə bunlar əsas meyar olacaq. Ölkəmizin ağır şərtlər altında, ən azı iki dövlətin təxribatlarının əhatəsində prezidentin Avrointeqrasiyaya doğru böyük məsafə qət etdiyinin etiraf olunmaması demokratiyaya gedən yolda düyünə çevrildi və yalnız bir seçimə yer saxladı:təhlükəsizlik!
Nəyin bahasına olur-olsun, müstəqilliyi qoruyub saxlamaq, min illər sonra qanla qazanılmış istiqlaliyyəti hifz etmək! Hə, hesabat kitablarındakı indeksləri yaxşılaşdırmağa vaxt-zaman olacaq, təki dövlət yaşasın! Axı tarix belə nümunələri çox görüb.