Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.
Pravda.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.
Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.