Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib.
Pravda.az-ın məlumatına görə, bu gün Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.
Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.
İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.