Azərbaycana idxal olunan qida məhsulları müvafiq qaydada tanınan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşaiyət olunmalıdır.
Qida Təhlükəsizliyi Agentliyindən Pravda.az-a verilən məlumata görə, bu, “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinin tələbidir.
Qeyd olunub ki, bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı Qərarına, ekspertizası isə Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Agentlik fəaliyyətə başladığı dövrdən etibarən, müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət olunması və istehlakçıların hüquqlarının qorunması məqsədilə davamlı olaraq bioloji fəallığa malik qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində işlər aparır, görüşlər keçirir. Lakin bəzi hallarda sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunmaqdadır: “Belə ki, qanunvericiliyin tələbinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bu tələblərdən irəli gələrək, BFMQƏ-nin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.