Artıq dünyada qəbul olunmuş qaydalar mövcuddur: Maskadan istifadə, gigiyenik qaydalara riayət və sosial məsafə. Hər kəs bu 3 qaydaya riayət etsə, virus qalsa belə, həyatına normal şəkildə davam edə bilər. Çünki virus var deyə, evə qapanmaq və karantin rejiminə keçmək düzgün deyil. Hamının qaydalara əməl etməsi əsas şərtdir. Eyni zamanda insanların tibbi maskadan istifadəsi onları tək virusdan deyil, digər xətəliklərdən də qoruyur.
Bu fikirləri Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov deyib..
Şöbə müdiri bildirib ki, maskadan istifadə edə-edə virusa yoluxan şəxs xəstəliyi asimptomatik ya da çox yüngül keçirir:
“Çünki maska orqanizmə daxil olan virusun miqdarını azaldır. Məktəblərin və metronun açılması ilə ictimai fəallıq artıb. Bunun da nəticəsi olaraq maskasız gəzən insanlara daha çox rast gəlinir. Bu da sözsüz ki, çox risklidir. Belə davam edəcəyi halda yenidən yoluxmada artım olacağı qaçılmazdır. İtaliyada da məktəblərin fəaliyyəti bərpa edilib. Amma orada tənəffüs zamanı uşaqların ümumiyyətlə sinif otağından çölə çıxması qadağan edilib. Çünki istər-istəməz uşaqlar tənəffüs zamanı daha aktiv və yaxın ünsiyyətdə olurlar. Azərbaycanda da bu qaydanın tətbiqi yaxşı olardı. Nəzərə almaq lazımdır ki, virusla bağlı uşaqlarda tamam başqa proseslər gedir. Çünki uşaqlar səssiz virus daşıyıcısıdırlar. Virus orqanizmə daxil olarkən hüceyrəyə nüfuz etmək üçün ACE2 reseptorlarından istifadə edir. Böyüklərdə ACE2 reseptorları ən çox ağ ciyərlər və ürəkdədir. Uşaqlarda isə üst tənəffüs yollarında, əsasən də burun boşluğunda yerləşir. Buna görə də uşaqlar bu xəstəliyi asimptomatik ya da qrip bənzəri simptomlar kimi keçirir. Onların virus daşıyıcısı ola-ola heç bir əlamət hiss etməmələri mümkün olur. Bu göstərici uşaqlarda 70 faizə yaxındır. Bu da sözsüz ki, olduqca təhlükəlidir. Çünki uşaq məktəbdən evə qayıdanda onun virusa yoluxduğunu heç kim hiss etməyəcək. Böyüklərdə simtomlar hiss edilir. Amma uşaqlarda bunu müşahidə etmək olmur. Virusa yoluxmuş uşaqla, yoluxmamış uşaq arasında heç bir fərq, əks effekt yoxdur. Belə olan halda uşaqların virusu evə daşıma riski daha yüksək olur".
Rasim Bayramov qaydalara əməl etməklə bütün sferalarda fəaliyyəti bərpa etməyin mümkün olduğunu da diqqətə çatdırıb: