Son günlər bölgəmizdə maraqlı siyasi proses və addımlar müşahidə olunur. İrəvan Türkiyə-Misir münasibətlərinin gərginliyindən yararlanmaq üçün Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı Qahirəyə göndərir, rus-türk heyətlərinin Ankara danışıqları uğursuz alınır, cəbhədə ermənilərin gərginlik və təxribat yaratmaq cəhdi müşahidə edilir, Azərbaycanla yanaşı, Serbiya və Hindistan Rusiya liderliyində keçiriləcək “Qafqaz 2020” təlimlərində iştirakdan imtina edir.
Teleqraf.com-un mövzu ətrafında suallarına Milli Məclisin deputatı, sabiq dövlət müşaviri, politoloq Rasim Musabəyov cavab verib. Onunla müsahibəni təqdim edirik:
- Rasim müəllim, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirə rəsmi səfəri baş tutub. Azərbaycan cəmiyyəti tərəfindən ciddi məyusluqla qarşılanan və dost ölkə sayılan Misirə edilən bu səfər hansı maraqlara xidmət edir?
- Ermənilər gözləyirlər ki, haradasa problem yaranacaq və bundan istifadə edərək əlaqə yaratmağa çalışacaqlar. Misirin Ermənistanla ticarət dövriyyəsi 1-2 milyon dollar olar ya olmaz. Ermənilərin Misirə hər hansı bir dəstək verməsi də müşkül məsələdir. Eyni zamanda Misirin də Ermənistana dəstək verməsi çətindir. Sadəcə ermənilər görür ki, Türkiyə ilə Fransa, Yunanıstan, Cənubi Kipr arasında gərginlik var. Misir də bu prosesdə hansısa formada Türkiyəyə qarşı iştirak edir. Ona görə də dərhal Qahirəyə səfər ediblər. Düşünürlər ki, bu situasiyadan istifadə edərək özlərinə tula payı qopara bilərlər.
Digər tərəfdən İslam Konfransı Təşkilatı vasitəsilə səsvermə olanda Azərbaycan ərəb ölkələrinin dəstəyini təmin edir. Bunlar da düşünürlər ki, Misir vasitəsilə səsvermədə özlərinə dəstək təmin edə bilərlər. İndi onların Qahirədə quyruq bulamasının səbəbi budur. Amma tarixən ingilislər Misirdə söz sahibi olanda ora Nübar Paşa adlı baş nazir təyin etmişdilər. Bu şəxs erməni əsilli idi. Nübar paşanın vaxtilə Ermənistanın yaradılmasında və tanınmasında rolu olub. Söhbət XIX əsrdən gedir. Bu da ondan qaynaqlanırdı ki, ingilislər Misirdə söz sahibi olanda xristian faktorundan, o cümlədən də ermənilərdən istifadə edirdilər. İndi ermənilər də buna istinad edərək çalışırlar ki, istifadə etsinlər. Ancaq bu, heç nəyi dəyişmir. Nə Misir ermənilərin Türkiyə və ya Azərbaycanla olan probleminə qoşulasıdır, nə də ermənilərin Misirə fayda vermək imkanı var. Sadəcə ermənilər quyruq bulayırlar.
- Ötən gün Ankarada hərbi heyətlər arasında keçirilən görüşdə ruslar təklif edib ki, Türkiyə Suriyadakı müşahidə postlarının sayını azaltsın. Ankara isə bu təklifi rədd edib. O cümlədən, Liviya məsələsində də anlaşma əldə olunmayıb. Bu durum iki ölkənin üz-üzə durduğu konfliktli ərazilər üçün nə vəd edir?
- Bəli, gərginlik var, amma həm də Rusiyanın kommunikasiya problemlərini də nəzərdən qaçırmaq olmaz. Türkiyə Rusiyaya deyir ki, sənin Suriyada nə işin var? Suriya zamanında Türkiyənin tərkibində olub, hazırda isə həmsərhəd dövlətdir. Başqa sözlə, Suriyada olan problemlərin Türkiyəyə aidiyyəti var. Bəs Rusiyanın bölgədə nə işi var? Təbii ki, Türkiyə rusların Suriyadakı iddiasını qəbul edən deyil, ancaq anlaşmazlıqların açıq toqquşma müstəvisinə gələcəyini də gözləmirəm. Sözsüz ki, kompromislər tapılacaq. Amma bütün hallarda Türkiyə Rusiyanın qaydaları ilə davranmaq niyyətində deyil.
Rusiya hər yerdə oyun oynamaq istəyir. Bu oyunlar vasitəsilə özünün xüsusi rolunun tanınmasını arzu edir. Bu səbəbdən də Türkiyəyə Suriyadakı hərbçilərinin sayını azaltmasını təklif edir. Amma deyim ki, o dövr bitib, Rusiya daha fövqəldövlət deyil. Sadəcə Rusiya bunu qəbul etmək istəmir, ona görə nəsə istəyir, deyir. Amma Rusiya anlayır ki, Türkiyəni özünə qarşı qoymaq da olmaz. Çünki belə olan halda Türkiyənin arxasında ABŞ dayanacaq. Necə ki, indi də bunu edir.