Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib.
-Qüdrət bəy, bu günlərdə mətbuata verdiyiniz açıqlamada Əli Kərimlini söyüşçülərin “mənəvi ata”sı adlandırmışdınız. Onlar söyüş kampaniyası ilə nəyə nail olmaq istəyirlər və hadisələrin bu istiqamətdə inkişafı bizə nə vəd edir?
-Bilirsiniz, belə bir el məsəli var “qılınc yarası sağalar, söz yarası sağalmaz”. Konstitusiyanın və qanunların aliliyi uğrunda mübarizə apardıqlarını bəyan edənlər heç olmasa bir dəfə Konstitusiyanın 46-cı maddəsinin 2-ci hissəsini oxusunlar. Orada qeyd olunur ki, “heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”.
Təəssüf ki, bəziləri onlara və başqalarına qarşı haqsızlıqların baş verdiyini bəhanə edib ağır təhqirlərə və böhtanlara yol verirlər. Onları buna təhrik edənlər isə söyüşçüləri “tənqidçi bloqerlər”, ağır təhqirləri isə “sərt tənqid” adlandırır, söyüşün mənəviyyatı və ictimai əxlaqı korlamasına dair bir kəlmə belə danışmırlar.
“Beşinci kolon” adlandırılan bu tipli insanları himayə edən ermənipərəst xarici dairələr gözəl anlayırlar ki, belə mövqe cəmiyyətdə siyasi tolerantlığı tamamilə heçə endirir, nifrət və qisas doğurur. Belə şəraitdə isə heç bir ciddi islahatlardan söhbət gedə bilməz və tərəflər “qalib” olmaq üçün bütün vasitələri məqbul sayacaqlar. Onlara isə zəif və imici korlanmış Azərbaycan, Azərbaycanın daxilində isə kukla kimi oynatdıqları siyasi partiyalar lazımdır. Ona görə də məsuliyyətli siyasətçilər elə danışmalı və davranmalıdırlar ki, sabah ölkənin milli maraqları tələb edəndə bir araya gəlmək mümkün olsun. Nifrət və qəzəb hissi, hakimiyyət ehtirası sağlam düşüncəni üstələməməlidir. Baxın, “beşinci kolon” təmsilçiləri utanmadan, öz içlərindən bir nəfərin belə etirazı ilə qarşılaşmadan açıq söyləyirlər ki, xalqın iztirabları onların xeyrinədir və onları hakimiyyətə yaxınlaşdırır. Yalnış olaraq düşünürlər ki, söyüşlə iqtidarı gözdən sala bilərlər. Amma zaman göstərdi ki, xalqımız söyüş söyənləri və onların “mənəvi atasını”, yaxud “atalarını” qətiyyətlə qınayır.