Azərbaycanda ayrı-ayrı deputatlar sosial medianın fəaliyyətini buxovlamaq üçün elə absurd, ağılasığmaz ideyalar, təşəbbüslər irəli sürürlər ki, adam nəinki mat qalır, bunun hansı təfəkkürün məhsulu olduğunu aydınlaşdıra bilmirsən.
Dünya sosial şəbəkənin artıq bir hadisə, yeni media olduğunu qəbul edib, gündən-günə fərqli trendlər meydana gəlir, süni intellekt üzərində alimlər baş sındırır və bizim deputatlar ibtidai, kustar təkliflər irəli sürməkdə davam edirlər.
Onlardan kimisi facebook-a daxil olmaq üçün şəxsiyyət vəsiqəsindən istifadə etməyi tələb qoyur, kimisi bütövlükdə sosial medianı bağlamağa çağırır, bəziləri qanunvericiliyə dəyişiklik edərək şəbəkələrin fəaliyyətini tənzimləməyin tərəfdarıdır.
Kəsəsi, ifadə azadlığının ən əlverişli məkanı olan sosial şəbəkələri məhdudlaşdırmaq, ölkəni İran, Şimali Koreya, Türkmənistan yoluna dəvət etmək anormal yanaşmadan başqa heç bir əhəmiyyət kəsb etmir.
Heç bir ölkə internetlə mübarizə aparmır, yalnız düşüncə azadlığına qarşı gedənlər sosial şəbəkələri düşmən görürlər.
Azərbaycan Prezidenti İlham Əliyev internetin ölkədə azad olduğunu söyləyib. Di gəl, bəzi deputatlar, sonuncu dəfə Jalə Əhmədova facebook-a pasportla girməyi təklif etməklə bizi hansı geriliyə aparmaq istədiyini fikirləşməyib.
Sözsüz ki, sosial şəbəkəni çayxanaya çevirən, əndazəni aşan çıxışlar edən, istədiyi zaman facebook üzərindən canlı yayıma çıxaraq izləyicilərinə, müəyyən auditoriyaya qeyri-səhih informasiyalar ötürən istifadəçilər də az deyil.
Deputat Elman Nəsirov “Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:
“Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur. Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər”.
Amma mübarizə üsulu şəxsiyyət vəsiqəsi tələbi, yaxud sosial şəbəkənin fəaliyyətinə məhdudiyyət qoymaq olmamalıdır. Daha maarifçi xətt götürülməlidir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının da fikrincə, maneələr artdıqca sosial medianın texnoloji imkanları da genişlənəcək. “Yeni Müsavat”a bu mövzuda danışan deputat hesab edir ki, külli halda məhdudlaşdırmalar ciddi nəticə verməyəcək.
S.Rüstəmxanlı çıxış yolunu cəmiyyətin mədəni səviyyəsinin yüksəlişində görür: “Sözün qədrini bilməklə, məsuliyyət hissini artırmaqla, qarşılıqlı hörmətlə, həmvətənlərinə qiymət verməklə bu işlər düzəlir. Nöqsanlar var, müxtəlif fikirdə olmaq mümkündür, amma narazılıq ədəb-ərkan daxilində ifadə olunmalıdır. Mübarizə aparmaq olar, ancaq əxlaqı pozan yox, normal mətnlərlə sosial şəbəkədə fikirlər deyilə bilər.
Bəzi adamların mətbuat, sosial media nə üçündür bilmədən əlinə telefon alıb ortalığa düşməsi, ağzına nə gəldi deməsi, qulaq şahidi olduğu sözlər əsasında nüfuzlu adamların cəmiyyətdəki mövqeyinə zərbə vurması sosial media azadlığı deyil".
Deputatın sözlərinə görə, bu, sosial medianın qaragüruhudur: “Ona görə hətta demokratik ölkələrdə sosial şəbəkələrlə bağlı müəyyən nizam yaratmağa çalışırlar. Məsələn, Türkiyədə də qərar qəbul olundu.
Nə dərəcədə effektli olacağını bilmirəm. Bizdə də tətbiq edilsə necə olar, deyə bilmərəm. Lakin müəyyən sərhədlər qoyulmalıdır, ölçü-biçi yaradılmalıdır.
Sadəcə, bu işdən xəbərsiz, cahil məmurların öhdəsinə qoymaq olmaz. O zaman “qurunun oduna yaş da yanacaq”.
Yəni hansısa cəza tədbirləri, cərimələr mexanizmləri olmalıdır ki, hər kəs sözünün sərhədlərini bilsin".