ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova bağlı firmaya Rusiyadan şübhəli pul köçürmələrini aşkar edib.
Pravda.az xəbər verir ki, söhbət milyonlarla dollardan gedir. Bu haqda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) və "BuzzFeed News” nəşrinin birgə araşdırmasında deyilir.
Jurnalistlər FinCEN-in məxfi sənədlərinə çıxış əldə ediblər və məlum olub ki, ABŞ Maliyyə kəşfiyyatı Rusiyada prezident Vladimir Putinə yaxın adamlara biznesmenlər və şirkətlər tərəfindən şübhəli pul köçürmələri edilib. İri Rusiya şirkətləri, o cümlədən dövlət şirkətləri isə xarici ölkələrin liderlərinə, yaxın adamlara pullar köçürüblər.
FinCEN sənədlərindən birinə əsasən, ABŞ Maliyyə kəşfiyyatı Eldar Mahmudovun oğluna bağlı olan offşor firmanın Rusiyanın mobil rabitə operatoru MTS-dən 2014-2015-ci illərdə milyonlarla dollar aldığını göstərir.

Araşdırmada deyilir ki, Eldar Mahmudovun ailə üzvləri onun vəzifədə olduğu dövrdə nəhəng sərvətlər əldə ediblər. Onun övladları Böyük Britaniyada, İspaniyada, İsveçrədə çoxsaylı daşınmaz əmlaka, habelə bir sıra ölkələrdə biznes aktivlərinə malikdir. Mahmudovun ailə üzvlərinin biznesi Cayman National Bankın sənədlərinin araşdırmaçı jurnalistlərin əlinə keçməsi nəticəsində üzə çıxmışdı.
Qəfildən varlanan ailənin başçısı - Eldar Mahmudov 2015-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Böyük cinayət təhqiqatı aparılıb və nəticədə onun oğlunun yaxın dostu, eyni zamanda işgüzar partnyoru barəsində beynəlxalq axtarış elan edilib. Keçmiş Milli Təhlükəsizlik nazirinin oğlunun dostu və ortağı Ayaz Kərimov "Caspian Telecommunication Ltd” adlı offşor şirkətin rəhbəri idi. Həmin şirkət Britaniya Vircin adalarında qeydiyyatdan keçib, barəsində heç bir məlumat olmasa da, tezliklə Azərbaycanın telekommunikasiya bazarında iri oyunçuya çevrilib.

