Azərbaycan prezidenti İlham Əliyev ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin bir nömrəli problemi-Dağlıq Qarabağ münaqişəsinə dair həm ictimaiyyətə və xalqa, həm beynəlxalq ictimaiyyətə, eyni zamanda təbii ki, düşmən ölkəyə ünvanlanmış dəqiq və aydın mesajlar verdi. Bu, belə demək olarsa, dövlət başçısının son aylarda (ola bilsin hətta son illərdə) Qarabağa dair ən əhatəli, bir çox təfərrüatların ilk dəfə açıqlandığı çıxışı idi.
Pravda.az xəbər verir ki, prezidentin telejurnalistlərlə söhbətində verdiyi mesajlar bu qənaətə gəlməyə əsas verir: Ermənistanla danışıqlar praktiki olaraq dayanıb, heç bir danışıqlar getmir, heç bir nizamlama planı müzakirə olunmur və bütün bunların tək günahkarı var - Yerevanda erməni xalqının məhz Qarabağdan, münaqişənin həll edilməməsindən qaynaqlanan problemlərindən istifadə edərək hakimiyyətə gələn avantürist Nikol Paşinyan!
İlham Əliyev bəyan etdi ki, Ermənistanın indiki rəhbəri danışıqlar prosesini pozub. Hansı ki, o hakimiyyətə gələndə münaqişənin danışıqlar yolu ilə həllinə dair ciddi addımlar atacağını vəd etmişdi, o cümlədən Azərbaycan prezidenti ilə 2018-ci ildə Düşənbədə, MBD sammitində baş tutmuş ilk qeyri-rəsmi görüşündə bu haqda danışmışdı.
Bu həmin vaxtlar idi ki, Paşinyan və onun Soros məktəbindən məzun olan komandası hələ hakimiyyətdə yerlərini möhkəmləndirməmişdi. Əvvəlki hakimiyyət-on illər ərzində Ermənistanda hakimiyyəti qəsb etmiş Qarabağ klanının nümayəndələri, keçmiş səhra komandirləri Paşinyanı didmək üçün fürsət gözləyirdi. Əlbətə, bunun üçün ən yaxşı fürsət Paşinyanın Qarabağ məsələsində hansısa səhvlər buraxması, yaxud kompromis mövqeyindən çıxış etməsi ola bilərdi.
Bu baxımdan İlham Əliyevin də ilk dəfə bəyan etdiyi kimi, Azərbaycan keçmiş qəzet redaktoruna şans yaratdı-Ermənistanda daxili siyasi gərginlikdən istifadə edərək Qarabağda hücuma keçmədi və daha sonra Düşənbə razılaşmasına uyğun olaraq təmas xəttində misli görünməmiş sakitliyin təmin olunmasını dəstəklədi.
Azərbaycanın yaxın tarixinə bələd olanlara yaxşı məlumdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları məhz Bakıda hökm sürən siyasi qeyri-stabilliyi fürsət bilərək işğal edib. Ona görə də sual yarana bilərdi-2018-ci ildə Yerevanda Serj Sərkisyanın hakimiyyəti laxlayanda və Paşinyanın başçılığı ilə “məxməri inqilab” başlayanda Azərbaycan öz torpaqlarını geri almaq üçün müharibəyə başlamaq fürsətindən istifadə etməməklə düzmü etmişdi? Axı düşmən 90-cı illərin əvvəllərində heç vaxt əlinə düşən belə fürsətləri boş buraxmamışdı?
Bu sualın birmənalı cavabı belədir ki, Bakı Yerevanda baş verən həmin siyasi proseslərdən fürsət kimi istifadə etməməklə rasional davranmışdı. Axı 20 il ərzində Ermənistanda hakimiyyətdə olan Köçəryan və Sərkisyan rejimləri ilə münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar heç bir nəticə verməmişdi. Və məntiqlə xalqın hakimiyyətə gətirdiyi Paşinyana şans yaratmaq ən optimal variant idi. Əks halda müxalifət Qarabağ kartından istifadə etməklə onu sürətlə hakimiyyətdən uzaqlaşdırardı.
Digər tərəfdən Paşinyan hakimiyyətə gələn kimi həm publik şəkildə, həm İlham Əliyevin ilk dəfə açıqladığı kimi, qeyri-rəsmi kanallarla Bakıya məsələnin dinc yolla həllinə dair mesajlar göndərirdi. Hətta ABŞ prezidentinin o zamankı milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana 2018-ci ilin payızında baş tutmuş səfəri zamanı bəyan etmişdi ki, qarşıdakı növbədənkənar seçkilərdə Paşinyan qalib gəlsə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində çox mühüm hadisələr baş verə bilər. (Bolton bir neçə ay əvvəl müsahibələrindən birində Paşinyan və onun demokratik yolla seçilmiş hökuməti ilə bağlı necə yanıldığını təəsüflə danışmışdı).
Amma Paşinyan Qarabağ məsələsində sürətlə avantüraya meylləndi, hətta o dərəcədə ki, “Roma Papasından çox katoliklik” elədi-ondan əvvəl hakimiyyətdə olan və Azərbaycan ərazilərinin işğalına bilavasitə başçılıq etmiş Sərkisyandan, Köçəryandan daha radikal çıxışlar etməyə başladı. Məsələn, o, Xankəndinə gəlib bəyan etdi - “Qarabağ-Ermənistandır, nöqtə”.
Əlbətdə, Qarabağ kartı Ermənistanda həmişə hakimiyyətə gəlmək və onu qoruyub saxlamaq üçün istifadə edilib. O cümlədən Paşinyan özü birbaşa Qarabağ şüarları ilə küçələrə çıxmasa da keçmiş qəzetçini hakimiyyətə gətirən səbəblər birbaşa Qarabağla əlaqəli idi-işsizlik, yoxsulluq, kütləvi miqrasiya, iqtisadi səfaələt, korrupsiya və digərləri.
Paşinyan bu problemləri həll etmək, Ermənistan iqtisadi möcüzəsi yaratmaq vədləri verərək hakimiyyətə gəldi, amma çox tezliklə dərk elədi ki, Qarabağ problemi həll olunmadan heç bir iqtisadi möcüzədən söhbət gedə bilməz. Ona görə də hakimiyyəti qoruyub saxlamağın ən yaxşı, sınaqdan keçmiş yoluna əl atdı- Qarabağ kartından istifadə. Lakin bu kartı Paşinyandan əvvəlkilər gen-bol tətbiq etdikləri üçün o, daha primitiv, daha avantürist yola əl atdı-sələflərindən də qabağa gedib Qarabağı Ermənistan elan etdi!