Milli Məclisin deputatı, yazıçı Aqil Abbasla cəbhədə müşahidə olunan gərginliyi müzakirə edilib.
Həmin müsahibəni təqdim edirik:
- Aqil bəy, ötən gün axşam saatlarından Ermənistanın yenidən Azərbaycanla dövlət sərhədində təxribatlara cəhd etməsini necə qiymətləndirirsiniz?
- Son müsahibəsi zamanı cənab Prezident bu məsələlərə əslində toxunub. Çox ciddi şəkildə ortaya mövqe qoyub. Tovuz təxribatı və digər məsələlərə dair fikrini bildirib. Açıq deyib ki, Ermənistan tərəfi danışıqları pozur.
İndi baş verənlərə gəldikdə hesab edirəm ki, bu, Ermənistan tərəfinin açıq təxribatıdır. Bizi təxribata çəkmək istəyirlər ki, onları vuraq, sərhədi keçək və s. Bəli, onlar müharibəyə hazırlaşırlar. Həm də çalışırlar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu müharibəyə qoşsunlar. Yəni rusların onlara açıq dəstək verməsinə nail olsunlar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə görə, üzv ölkələrdən biri hücuma məruz qalarsa, onun ərazisinə daxil olunarsa, həmin müttəfiq dövlətə dəstək verilir. Ancaq cənab Prezident açıq qeyd etdi ki, Azərbaycanın başqa ölkələrin torpaqlarında gözü yoxdur, biz yalnız Qarabağı azad edəcəyik. Mənim fikrimcə, bu təxribatların qarşısı elə alınmalıdır ki, Ermənistan tərəfi bir daha belə addımlara getməsin. Bir məqamı qeyd etmək istəyirəm. Axşam hadisə olub, bundan 20 dəqiqə sonra sosial şəbəkələr az qala partlayırdı. Belə şeylər olmaz. Müdafiə Nazirliyi dəfələrlə xahiş edib ki, ondan əvvəl qeyri məlumatlar yayılmasın. Amma baş verənləri çəkib qoyublar sosial şəbəkəyə. Bunun bizim üçün mənfi cəhətləri də ola bilər. Hesab edirəm ki, insanlar bu məsələni nəzərə almalıdırlar.
Erməni təxribatlarının qarşısı birdəfəlik alınmalıdır, torpağımızı azad etməliyik, erməni də çəkilib oturmalıdır öz xarabasında.
- Düşmən qoşunların təmas xətindən deyil, dövlət sərhədindən təxribatlara cəhd edir. Bu məntiqlə sabah Naxçıvan, başqa gün Gədəbəy istiqamətində belə təxribatçı hücumların şahidi ola bilərik. Ermənistanın məhz Qarabağ cəbhəsindən deyil, dövlət sərhədindən təxribatlar etməsində məqsədi nədən ibarətdir?
- Bildiyiniz kimi onların müdafiə naziri bir qədər irəli gedərək bildirib ki, Gəncəni də “alacaqlar”. Onlar müharibə başlatmaq, bizi qorxutmaq, habelə böyük neft-qaz kəmərlərinin, beynəlxalq yolların keçdiyi əraziləri ələ keçirmək istəyirlər. Məqsəd budur. Başqa əraziləri işğal etmək. Bunu aydın deyirlər. Erməni mətbuatında Paşinyan da, Tonayan da, digərləri də buna işarə edirlər.
- Bütün bunlar Ermənistanın öz oyunu, planıdır?