AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev barəsində həqiqətə uyğun olmayan məlumatlar səsləndirilib. Belə ki, o, mətbuata açıqlamasında akademik Ramiz Mehdiyevin guya 1993-cü ildə Prezidentin İcra Aparatının Ümumi şöbəsinə müdir təyin edildikdən sonra, öz vəzifəsindən istifadə edərək doktorluq dissertasiyasını müdafiə etdiyini bildirərək, faktları kobud şəkildə təhrif edib. İctimaiyyətin nəzərinə çatdırırıq ki, akademik Ramiz Mehdiyev elmlər doktoru dissertasiyasını 1993-cü ilin dekabr ayında müdafiə edib. Bu fakt öz təsdiqini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq sənədlərində də tapıb. Bir faktı da xatırlatmağı lazım bilirik ki, akademik Ramiz Mehdiyevin doktorluq dissertasiyasının müdafiəsində iştirak etmiş alimlərin bir çoxu hələ də həyatdadır. Onlar həmin dövrdə Ali Attestasiya Komissiyasının rəhbəri, mərhum akademik Azad Mirzəcanzadənin dissertasiya haqqında söylədiyi yüksək rəyi təsdiq edə bilərlər.
Bu barədə Pravda.az-a AMEA-dan bildirilib.