Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

 

Bu barədə Pravda.az-a Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən Vyaçeslav Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışdı.

 

Bildirdi ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir. Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

 

Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd etdi ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər  gec həyata keçirildi. Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Bizim birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var.

 

Qeyd olundu ki, qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əiyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb.

 

Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək bu sahədə hər iki ölkənin parlamentində fəsliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğuladı. Bildirdi ki, ölkələrimiz beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir. Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verdi.

 

Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir.

Sahibə Qafarova bildirdi ki, bizim ölkəmiz çoxmillətli və çox konfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir. Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirmişdir. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusun Azərbaycanda yaşaması tamamilə təbiidir.

 

Qeyd olundu ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir.

 

Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində - Tovuz rayonu ilə sərhəddə baş vermis silahlı toqquşmalar barədə danışıldı. Sahibə Qafarova dedi ki, biz problemin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinə tərəfdarıq. Sülh danışıqları baş tutmasa  Azərbaycan  öz torpaqlarını işğaldan azad edəcək. Vyaçeslav Volodin bildirdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin sülh yolu ilə həllinin tərəfdarıdır.

 

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparıldı.

 

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət etdi.

Tarix: 23 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 21:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin