BURADA REKLAMINIZ OLA
BİLƏR

XİN Paşinyanla bağlı məlumat yaydı

Baş Nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri (qeyri-məhdud siyahı əlavə olunur) Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurub və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Pravda.az-a verilən məlumata görə, təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir.

Beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxararaq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini edib: "Ermənistan ictimai şəkildə ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiqi və anlayışından imtina etdiyini bəyan edib və beləliklə, danışıqlara zərbə vurub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr tarixində verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın “cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir”.

Əksinə, Paşinyanın rəhbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir".

Məlumatda qeyd olunub ki, Ermənistanın təcavüzkar davranışı iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məqsədyönlü təcavüz aktı ilə kulminasiya nöqtəsinə çatıb. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürüdür və Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdür: "Bu “sınaq” hücumunda uğursuzluğa uğrayan, lakin yenə də növbəti təcavüz aktına hazırlıq görən Ermənistan külli miqdarda silah və sursat tədarük edib və öz qüvvələrini təmas xətti boyunca cəmləşdirib. Azərbaycanın vacib mülki infrastrukturu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək barəsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələrin yaradıldığını elan edib. 

Ermənistanın yeni hərbi hücuma hazırlığı kontekstində Azərbaycan beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır.

Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münaqişənin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu baş verməyənədək Ermənistan rəsmilərinin guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları nə Azərbaycanı, nə də beynəlxalq ictimaiyyəti aldada bilməz.

Prezident İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək səviyyəli tədbirdə bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmayıb və heç vaxt olmayacaq".

Tarix: 24 Sentyabr 2020, 16:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin