Prezident İlham Əliyev milli lider olaraq dövlətimiz və xalqımız üçün strateji əhəmiyyətli məsələləri və onlardan irəli gələn baza prinsipləri geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində intensiv addımlar atmaqdadır. Əvvəlcə sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında və sentyabrın 25-də Avropa İttifaqının Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən səsləndirdiyi fikirlər fundamental xarakter daşıyır.
Bunu açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.
Prezident İlham Əliyevin Avropa İttifaqının təmsilçisi ilə görüşü əsnasında qaldırdığı bir sıra vacib məsələlərə dair fikirlərini bölüşən Elman Nəsirov qeyd edib ki, Azərbaycan dövlətinin rəhbəri görüş çərçivəsində ilk növbədə Ermənistanın son hərbi təxribatlarına diqqəti cəlb etdi və onları doğuran səbəblərə aydınlıq gətirdi: “Cənab İlham Əliyev həmin səbəbləri 4 istiqamət üzrə müəyyən etdi. Birincisi, Ermənistanın müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” militarist mahiyyətli ”konsepsiya”sından çıxış edərək yeni torpaqlar işğal etmək və sonrakı danışıqlar prosesində mövqe üstünlüyünü təmin etmək, ikincisi Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaqdır. Ermənistan faktiki olaraq iqtisadi və siyasi böhran məngənəsində sıxılmaqdadır. Azərbaycanda olan səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi, güclü iqtidar-xalq birliyi Ermənistanda nəinki yoxdur, əksinə zəif iqtidar və güclü müxalifət fonunda yeni inqilabın baş verməsi zaman keçdikcə labüd görünür.
Üçüncü səbəb münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyidir. Təsadüfi deyil ki, iyul təxribatında məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi qorxaqcasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yalvararaq kömək istədi. Rəsmi İrəvanın əli havada asılı vəziyyətdə qaldı.
Dördüncüsü, hərbi-siyasi təşkilatın Ermənistandan savayı, bütün üzvləri ilə Azərbaycanın dost və işgüzar münasibətləri mövcudluğudur. Ermənistan Rusiyanın müttəfiqi olsa da, Kremldə Nikol Paşinyana münasibətdə etimadsızlıq mühiti formalaşıb. Onun özü də daxil olmaqla erməni siyasətçilərinin deyil, erməni xalqının Rusiyanın müttəfiqi olması ilə bağlı ikibaşlı fikirləri Moskvada olduqca soyuq qarşılanıb. Paşinyanın erməni elitasını erməni xalqından ayıraraq Rusiyanın müttəfiqi kimi görməməsi haqlı olaraq Rusiya hakimiyyətində Paşinyanın Qərbin adamı olması ilə bağlı şübhələri daha da artırıb.
Onun özünü məhz xalqın lideri adlandırması fonunda yuxarıda səsləndirilən mövqeyi çoxsaylı suallar doğrmaqdadır. Tapılan cavablar isə Kremlin Paşinyan hökumətinə olan məlum münasibətininin daha da kəskinləşməsi mənafeyinə xidmət göstərir”.
Elman Nəsirov deyib ki, nəhayət, Ermənistan hökumətinin son təxribatçı davranışının əsas səbəblərindən biri də danışıqlar prosesini pozmaqla bağlıdır: “Paşinyan hökuməti yuxarıda sadalalan niyyətlərinin heç birinə nail ola bilmədi, yeganə arzusuna çatdığı məsələ danışıqlar prosesinin dayandırılmasının reallaşması ilə bağlıdır. Bu məqsəd üçün Ermənistanın kriminal rejimi dəridən-qabıqdan çıxmaqdadır. Xankəndidə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq Ermənistanın danışıqları tərk etməsini nümayiş etdirirdi.
Təcavüzkar, militarist və irticaçı hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmək, danışıqlar masası ətrafında oyuncaq separatçı rejimi əyləşdirmək cəhdləri, işğal altındakı ərazilərimizdə qondarma seçkilər keçirmək və qondarma “prezident”in andiçmə mərasimini Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada təşkil etmək, zəbt olunmuş torpaqlarımıza Suriya və Livandan erməni mənşəli insanları köçürməklə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirmək, qoca və qadınları da məcbur etməklə on minlərlə mülki insanın cəmləşdiyi hərbi hissələr formalaşdırmaq və onların sıralarını Yaxın Şərqdən gətirilmiş terrorçularla zənginləşdirmək istiqamətində atılmış addımlar eyni məqsədə – danışıqların kəsilməsi və müharibəyə hazırlıq məqsədinə xidmət göstərir.